Orucluq hər bir müsəlman üçün vacib olan tələblərdəndir. Ancaq nəzərə almaq lazımdır ki, indi dünyada təhlükəli bir infeksiya yayılıb. Bu baxımdan, hesab edirəm ki, karantin dövründə bu kimi tədbirlərin müəyyən dövrə qədər təxirə salınması daha məqsədəuyğundur.

Bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla 25 aprel tarixində Ramazan ayının başlaması ilə bağlı QMİ-nin fitvasını və karantin günlərində oruc tutmağın səhhətimizə göstərəcəyi xeyir və zərərlərdən danışarkən deyib.

A.Qeybulla bildirib ki, sağlamlığı imkan verən hər kəs oruc tuta bilər:

“Məlumdur ki, karantin tədbirləri bütün dünyada görülür və bunun əsas istiqamətlərindən biri də sosial izolyasiya, təmasların məhdudlaşdırılmasıdır. Həmçinin şəxsi gigiyena tədbirləri gözlənilməsi, immiun sisteminin gücləndirilməsi, fiziki aktivliyin artırılması vacibdir. Burada sağlam qidalanma da xüsusi rol oynayır. Məhz bu baxımdan aprel ayının 25-də Ramazan ayının girməsi ilə bəzi məqamlar sual altında qalır. Hələlik konkret bir fikir bildirməyin mümkün olmamasına səbəb həm də aprel ayının 20-dən sonrakı epidemioloji vəziyyətin necə olacağıdır. Ola bilər ki, vəziyyət olduğu kimi qalsın. Belə olduğu halda məsləhətdir ki, sağlamlığı imkan verməyən şəxslər oruc tutmasın, camaat namazları qılınmasın”.

A.Qeybulla vurğulayıb ki, sağlamlıq üçün karantin tədbirlərinə əməl etməyin özü də bir ibadət növüdür:

“İstənilən halda insanlar buna düzgün yanaşmalıdır. Bu karantin günlərində oruc tutmağın çətin olduğunu hesab edənlər karantin günləri başa çatdıqdan sonra oruc tuta bilərlər. Əgər orucluğun əsas məqsədlərindən biri də sağlamlıqdırsa, bu atılan addımlar da nəzərə alınmalıdır. Allahın verdiyi cana baxmaq, sağlamlığına nəzarət etmək hər bir inanclı şəxs üçün Allahın qarşısında bir borcdur. Düzdür, oruc tutmaq orqanizm üçün ekstrimal bir vəziyyətdir. Bu zaman orqanizm şlaklardan təmizlənir, orqanizmdə depolanan, əlavə toplanmış piylər təmizlənir. Amma karantin dövründə immun sistemi üçün əlavə problem yaratmağa ehtiyac yoxdur. Bu baxımdan, hesab edirəm ki, karantin dövründə bu kimi tədbirlərin müəyyən dövrə qədər təxirə salınması daha məqsədəuyğundur”.

İlahiyyatçı Rəsul Mirhəşimli isə hesab edir ki, Ramazan orucunun tutulmaması ilə bağlı verilən hökmlər səfərdə və xəstə olanlara şamil edilir:

“Əgər bir müsəlman xəstə və səfərdə deyilsə, onun oruc tutması vacibdir. Sağlam insanların karantin günlərində oruc tutmalarında heç bir problem yoxdur. Xüsusi karantin qaydasına görə insanların evdə qalmaları tövsiyə edilib. Bu halda da oruc tutmaq sağlam insanlara heç bir maneə yaratmaz. İnsanın öz sağlamlığına zərər vurması hesabına oruc tutması isə bəyənilməyən əməllərdəndir və bu, dinimizə görə yasaq sayılır. Onun üçün də xəstə insanlar sağlamlığına qovuşduqdan sonra tutmadığı günlərin əvəzinə oruc tuta bilərlər”.