Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Fazil Mustafa deputatların və hökumət üzvlərinin diqqətini dərman bazarındakı qiymətlərə çəkməyə çalışıb.

Musavat.com xəbər verir ki, konkret misallar çəkən deputatın sözlərinə görə, ölkədə dərman qiymətləri həddindən artıq yüksəkdir, amma bunun qarşısının alınması üçün heç bir addım atılmır.

“Bir seçicim 100 manatlıq dərmanı 300 manata aldığını bildirir. Çünki buna məcburdur. Ölkədə dərman vasitələrinin qiymətləri daim artmaqdadır. Banqladeş, Hindistan dərmanları ölkəyə gətirilir. Avropa dərmanları, demək olar ki, yoxdur. Bundan başqa Türkiyə istehsalı olan dərmanların ölkəyə gətirilməsinə nail ola bilmədik. Qanunda var ki, dərmanın tərkibi Azərbaycan dilində qeyd olunmalıdır. Amma əhali türk dilində başa düşür, anlayır. Heç olmasa Türkiyə istehsalı olan dərmanların ölkəyə gətirilməsini təmin etməliyik” – o bildirib.

F.Mustafa, həmçinin büdcə layihəsindəki bəzi rəqəmlərə istinad edib:

“Büdcədən olimpiya komplekslərinə 9,4, gənclər evlərinə 4,3 milyon manat ayrılır. Bu kimi sahələr büdcədən maliyyələşmək əvəzinə, özəlləşdirilməlidir ki, əhalinin sosial müdafiəsinə vəsaitlər ayrılsın”.