11.08.2026 - 15:16
Ölkə 18 baxış

Etnik təxribatların kölgəsində: Sosial mediadakı təhlükələr və həll yolları

Müasir dövrdə sosial şəbəkələr və rəqəmsal platformalar cəmiyyətin informasiya məkanında mühüm rol oynayır. İnternetin geniş imkanları ilə yanaşı, dezinformasiya və etnik təxribatlar da qlobal təhlükələrdən biri kimi ön plana çıxır. Bu təxribatların məqsədi cəmiyyətdə etimadsızlıq yaratmaq, müxtəlif etnik və dini qruplar arasında qarşıdurmanı təşviq etməkdir. Etnik təxribatların erkən aşkarlanması yalnız dövlət qurumlarının deyil, həm də media nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının və sosial media istifadəçilərinin əsas vəzifələrindən biridir.

Minval.info xəbər verir ki, müxtəlif milli-mədəni və dini icmaların nümayəndələri dezinformasiyaya qarşı mübarizənin informasiya savadlılığının artırılması və peşəkar media fəaliyyətinin gücləndirilməsi ilə mümkün olduğunu bildirirlər. “Dodo” qəzetinin baş redaktoru İradə Məlikova sosial şəbəkələrin milli icmalara birbaşa çıxış imkanı yaratdığını, lakin nəzarətsiz informasiya axınının etnik təxribatlar üçün münbit şərait yaratdığını vurğulayır. Onun fikrincə, milli mövzuların peşəkar jurnalistika prinsiplərinə uyğun işıqlandırılması və yayılan məlumatların operativ yoxlanılması vacibdir.

Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev də sosial medianın milli və dini təhlükəsizlik baxımından həm imkanlar, həm də risklər yaratdığını qeyd edir. O, rəqəmsal platformaların dini maarifləndirmə və doğru məlumatların yayılması üçün əlverişli vasitə olduğunu, lakin saxta xəbərlərin yayılması üçün də istifadə edildiyini bildirir. Ağayev, informasiya savadlılığının artırılmasının və dezinformasiyaya qarşı ictimai həssaslığın formalaşdırılmasının milli-etnik təhlükəsizliyin qorunmasında əsas rol oynadığını vurğulayır.

“Azəri Tat Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri Elman Əhmədov sosial medianın azsaylı xalqların mədəniyyətinin təbliği üçün geniş imkanlar yaratdığını, lakin dezinformasiya risklərinin də olduğunu qeyd edir. “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədr müavini Emin Xalarov isə kürd icmasının sosial mediada daha güclü təmsil olunmasının vacibliyini vurğulayır. Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev isə dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarının koordinasiyalı fəaliyyətinin əhəmiyyətini qeyd edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: