28.08.2026 - 12:35
İqtisadiyyat 31 baxış

Ət bazarında qiymət artımı: Səbəblər və həllər

Son günlərdə paytaxt və bölgələrdə mal ətinin qiymətində artım müşahidə olunur. Şəmkirdə bir həftə əvvəl dana ətinin kiloqramı 16 manata satılırdısa, hazırda bu rəqəm 17 manata çatıb. Göyçayda isə dana ətinin kiloqramı 18 manata satılır. Qəssablar qiymət artımının səbəblərindən birinin ət çatışmazlığı olduğunu bildirirlər. Onlar həmçinin qeyd edirlər ki, Qida Təhlükəsizliyi Agentliyinin tətbiq etdiyi yeni standartlar heyvan bazarlarının xərclərini artırıb. Bazar rəhbərləri də yaranan əlavə xərcləri yer haqlarına daxil ediblər.

Minval.info xəbər verir ki, yeni tələblərə əsasən, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Nəticədə bazarlarda yaranan bu xərclər zəncirvari şəkildə ətin satış qiymətinə təsir göstərib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymət artımının kökündə iki əsas səbəb dayanır: heyvandarlıqda mal-qaranın çatışmazlığı və bazarlarda yaranan əlavə tənzimləmə xərcləri. Onun sözlərinə görə, bu iki amili bir-birindən ayırmaq lazımdır, çünki hər biri fərqli həll tələb edir. Tənzimləmə xərcləri tərəfində ən sürətli təsir Qida Təhlükəsizliyi Agentliyinin tələb etdiyi infrastruktur dəyişikliklərinin birdəfəlik investisiya xərci olmasıdır. Dövlət tərəfindən bu keçid dövründə yer haqqı artımına müvəqqəti tavan qoyulması və ya infrastruktur xərclərinin bir hissəsinin dövlət-özəl tərəfdaşlıq formasında subsidiyalaşdırılması qiymətin bazar səviyyəsində sürətlə aşağı düşməsinə kömək edə bilər.

İqtisadçı əlavə edir ki, ət çatışmazlığı dərin problemdir və qısamüddətli qiymət nəzarəti ilə həll oluna bilməz. Burada üç istiqamət xüsusilə önəmlidir: canlı heyvan idxalının sadələşdirilməsi, yerli heyvandarlığın stimullaşdırılması və qiymət və təklif monitorinqinin bölgə səviyyəsində şəffaflaşdırılması. Bu tədbirlər, həm istehlakçıya, həm də tənzimləyiciyə hansı bölgədə müdaxilə lazım olduğunu göstərə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: