“Ötən gün İrəvanda ticarət mərkəzində baş vermiş partlayış və bundan sonra metro stansiyalarına mina qoyulması barədə iddiaların artması revanşist qüvvələrin hakimiyyətə qarşı təxribatı ola bilər. Qənaətimə görə, revanşistlərin bu təxribatçı mesajları Baş nazir Nikol Paşinyana ünvanlanıb”.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert xatırladıb ki, bir müddət əvvəl radikal “Sasna Çrer” təşkilatının sədri Jirayr Səfilyan xalqı Paşinyana qarşı ayağa qalxmağa çağırmışdı:

“Silahlı qruplaşma olan “Sasna Çrer”in bu fəallığı Azərbaycanla razılaşmaya cəhd edən siyasi hakimiyyətə qarşıdır. Həmin qruplaşmanın lideri Jirayr Səfilyan radikal və terrorçu baxışlara malikdir. O, 2016-ci ildə Aprel döyüşlərindən sonra tərəfdarları ilə silahlanaraq Serj Sərkisyana etiraz olaraq İrəvanda polis idarəsini ələ keçirmişdi. İndi bu kimi addımların Paşinyana qarşı atılması istisna deyil.

İrəvandakı bu partlayışın səviyyəsi və miqyasına baxdıqda, bunun təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş vermədiyini söyləmək mümkündür. Bu, cəmiyyəti Paşinyana səfərbər etmək cəhdi kimi görünür. Hadisədən dərhal sonra Robert Köçəryan və Serj Sərkisyana yaxın media qurumlarının baş verənlərə görə Ermənistan hakimiyyətini ittiham etmələri də diqqətdən yayınmadı. Bu baxımdan, silsilə partlayışların olacağını və bu dalğanın İrəvandakı digər strateji obyektləri əhatə edəcəyini ehtimal etmək olar. Paşinyan vaxtında önləyici təhlükəsizlik tədbirlərini gücləndirməsə, daxildə hakimiyyətə qarşı real təxribatların sayı artacaq.

Ehtimalıma görə, Ermənistan daxilində Paşinyan və komandasının Azərbaycanla əlaqələri normallaşdırmaq səylərinə qarşı terror fəaliyyəti genişlənə bilər. Çünki Ermənistandakı siyasi partiya və təşkilatlar illərdir ideoloji olaraq Azərbaycana qarşı düşmənçilik siyasəti aparırlar. Ötən illərdə Ermənistandakı sülh çağırışlarını boğan da həmin qüvvələrdir. Bu kimi halların artması Paşinyanı Azərbaycanla sülh danışıqlarından yayındıra bilər, onların məqsədi də budur”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Paşinyan sülh prosesini sabotaj edən qüvvələri neytrallaşdırsa, həm özünü, həm də hakimiyyətini xilas edəcək və daxildəki mövqelərini gücləndirəcək:

“Daxili etirazlardan çəkinib Azərbaycanla sülh danışıqlarını yubatsa və daxili qüvvələrlə qarşıdurmanı seçsə, hakimiyyəti üçün təhlükə yaradacaq. Daxili təxribatçı qruplaşmalar Ermənistanla Azərbaycan arasında toqquşma mühitinin qalmasında maraqlıdırlar. Ermənistan hakimiyyətinin isə iki yol var: ya Azərbaycanla yeni savaş, ya da sülh. Azərbaycan hər iki varianta hazırdır. Ermənistan rəhbərliyinin isə yalnız bir çıxış yolu var – Azərbaycanla sülh müqaviləsini imzalamaq”.