24.07.2026 - 10:55
Hərbi xəbər 39 baxış

Ermənistan ordusunda 7 ayda 30 hərbçi ölüb

2026-cı ilin ilk yeddi ayında Ermənistan Silahlı Qüvvələrində 30 hərbçinin ölümü qeydə alınıb.

Minval.info xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hazırladığı araşdırmada bildirilir.

Məlumata görə, bütün ölüm halları qeyri-döyüş şəraitində baş verib. Onlardan 11-i rəsmi olaraq hərbi xidmətlə əlaqəli, 19-u isə hərbi xidmətlə əlaqəsi olmayan hadisə kimi qeydə alınıb.

Son ölüm hadisəsi iyulun 21-də baş verib. Ermənistan İstintaq Komitəsinin məlumatına əsasən, hərbçinin ehtiyatsızlıqdan intihara sövq edilməsi faktı üzrə cinayət işi açılıb. İş çərçivəsində iki hərbi qulluqçu – kiçik çavuş və sıravi əsgər saxlanılıb, onların barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub.

Araşdırmada qeyd olunur ki, bu il baş vermiş 30 ölüm hadisəsinin 11-i, yəni təxminən 37 faizi intihar və qətl halları ilə bağlıdır. Səkkiz intihar hadisəsindən altısı, üç qətl faktından isə ikisi hərbi xidmətlə əlaqəli kimi qiymətləndirilib.

Hüquq müdafiəçiləri dövlət qurumlarının ölüm hallarını “hərbi xidmətlə əlaqəli” və “hərbi xidmətlə əlaqəsi olmayan” kateqoriyalarına ayırmasını tənqid edirlər. Onların fikrincə, xidmət dövründə baş verən bütün ölüm halları Silahlı Qüvvələrin itkisi kimi qiymətləndirilməlidir.

Araşdırmada həmçinin bildirilir ki, Ermənistan ordusunda son iki il beş ay ərzində atəşkəsin pozulması nəticəsində hərbçi ölümü qeydə alınmayıb. Son belə hadisənin 2024-cü ilin fevralında baş verdiyi qeyd olunur.

Helsinki Vətəndaş Assambleyasının məlumatına görə, 2010–2017-ci illərdə Ermənistan Silahlı Qüvvələrində və keçmiş separatçı silahlı birləşmələrdə 462 hərbçi ölüb. Onlardan 163-ü döyüş, 299-u isə qeyri-döyüş şəraitində həyatını itirib.

2018–2025-ci illərdə isə ümumi itkilərin sayı 511 nəfərə yüksəlib. Bu dövrdə 84 hərbçi döyüş, 427-si isə qeyri-döyüş şəraitində həlak olub. Araşdırmada qeyd edilir ki, müqayisəli statistikaya 2016, 2022 və 2023-cü illərdə Azərbaycanla hərbi qarşıdurmalar zamanı baş vermiş döyüş itkiləri daxil edilməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: