Bu il azərbaycanlı model Nuru Əhmədov Türkiyənin İstanbul şəhərində keçirilən “Best Model of the World” gözəllik və model yarışmasının qalibi olub.

Musavat.com xəbər verir ki, şəhər otellərinin birində həmyerlimizin qalibiyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə ölkəmizə qalibiyyət gətirən Nuru Əhmədov, “Best Asia” tituluna layiq görülən Nigar Həsənzadə, yarışmanın milli və beynəlxalq direktoru Aqil Məmiyev, layihə direktoru Pərviz Əzimzadə iştirak edib.

Jurnalistlərin suallarına cavab verən məşhur müsabiqədə birinci olan Nuru Əhmədov bundan sonra fəaliyyətini model kimi deyil, aktyor kimi davam etdirəcəyini bildirib:

“Yarışmada qalib gəldiyimə görə çox sevincliyəm. Müsabiqədən sonra çoxlu təkliflər aldım. Bundan sonra fəaliyyətimi model kimi yox, Türkiyədə aktyor kimi davam etdirmək istəyirəm Bir müddət aktyorluq təhsili alacam. Təhsilsiz bu işi görmək mümkün deyil”.

“Türkiyədə populyar olmaq üçün bütün təklifləri qəbul edəcəksiniz, yoxsa öz qanunlarınız, çərçivələriniz var” sualına isə model belə cavab verib:

“Mənim hər zaman çərçivələrim, öz qaydalarım olub. “Məşhur olacağam” deyib hər deyiləni etmərəm. Bu mənim təbiətimə uzaqdır. Mənim gecə həyatım yoxdur. Nümunəvi həyat yaşamağa çalışıram. Çalışdığım şirkət mənim haqlarımı qoruyacaq. Bizim də öz tələblərimiz olacaq”.

Əhmədov mənfi obrazı canlandırmaq istədiyini də dilə gətirib:

“Hələ hansısa rol haqqında danışmaq tezdir. Çünki təhsil almalıyam. Amma romantik oğlan obrazı mənə uzaqdır. Mənfi obrazları canlandırmaq istəyərəm”.

Nigar Həsənzadə isə fəaliyyətini model kimi xaricdə deyil, məhz Azərbaycanda davam etdirəcəyini dilə gətirdi.

Qeyd edək ki, Nuru Əhmədov “Best Model of Azərbaycan-2019” və “Mister Grand Azerbaijan-2018” milli model müsabiqələrinin qalibi olub. Nurunun 188 sm boyu var.