Azərbaycanda dövlət vəsaiti hesabına banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmində bu il nəzərəçarpacaq artım baş verib. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 10 ayı ərzində dövlət vəsaiti hesabına verilən ipoteka kreditləri 355 milyon manata çatıb.

Bu məbləğ ötən ilin eyni dövrünə nisbətən 51 milyon manat çoxdur. Müqayisə göstərir ki, bu il ipoteka kreditlərində 16,8 faiz artım var.

İpoteka kreditlərinin həcmi xüsusilə, oktyabrda xeyli artıb. Həmin ayda 64,4 milyon manat həcmində kredit verilib.

Böyük ehtimalla 2022-ci ildə dövlət vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 400 milyon manatı ötəcək. Ötən il bu göstərici 356,2 milyon manat idi və həmin tarixə qədərki ən yüksək göstərici idi.

İpoteka kreditlərinin həcminin artması bu növ kreditlərə olan tələbin yüksəlməsi ilə bağlıdır. Son 3 ildə əhalinin gəlirlərinin artması, əmək münasibətlərində şəffaflıq və maaş səviyyəsinin yüksəlməsi ipoteka kreditlərinə əlçatanlığı artırır.

Digər tərəfdən bankların öz vəsaiti və ya tikinti şirkətləri tərəfindən təklif edilən ipoteka kreditləri ilə müqayisədə dövlət vəsaiti hesabına verilən kreditlər daha ucuz və əlverişlidir. Bu kreditləri daha aşağı faizlə və 20 ildən artıq müddətə əldə etmək olar.

Buna görə də daha çox insan dövlət vəsaiti hesabına ipoteka krediti almağa cəhd edir.

Məlumatlara əsasən, bankların bir ipoteka krediti üzrə ayırdığı orta məbləğ 57,6 min manata çatıb. Bir neçə il əvvəl kredit məbləği orta hesabla 40-43 min manat idi.

İpoteka kreditinin məbləğinin artmasına mənzil bazarında qiymətlərin yüksəlməsi və əhalinin daha böyük məbləğdə kredit götürmək imkanları ilə bağlıdır.
Kreditlərin məbləğinin artması aylıq ödənişlərin məbləğində ciddi artıma səbəb olub. Əvvəllər kredit götürənlər orta hesabla hər ay 300-350 manat kredit ödədiyi halda hazırda bu məbləğ 405 manatı keçib. Dinamika göstərir ki, qarşıdakı dövrdə aylıq məbləğ bir qədər də yüksələcək.

Banklar kreditləri orta hesabla 282 aya, yəni 23,5 il müddətinə ayırır.

Son illərdə kreditlər üzrə faizlər də azalıb. Əvvəllər kreditlər 6,7 faizlə ayrıldığı halda son illərdə faizlər 6,3-ə düşüb.

Faizlərin azalması güzəştli kateqoriyaya ayrılan kreditlərin həcminin artması ilə əlaqəlidir. Son illərdə güzəştli kreditlərin həcmində ciddi artım müşahidə edilir.