ABŞ-da koronavirusun ikinci dalğası dolların mövqelərinə də sarsıdıcı zərbə endirə və onu qiymətdən sala bilər.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, dünyanın ən böyük kommersiya maliyyə qurumlarından sayılan “Morgan Stanley” bankının keçmiş rəhbəri Stiven Rouç daxili əmanətlərin milli gəlirin 5-10% nisbətində azalacağını proqnozlaşdırdığını bildirib. Analitikin fikrincə, ABŞ dövlətinin rekord həddə çatan borcları dolların digər əsas valyutalara nisbətdə qiymətdən düşməsinə gətirib çıxaracaq.

Almaniyanın və dünyanın ən böyük banklarından hesab edilən “Deutsche Bank”da da bənzər bədbin proqnozlar səsləndirilib. Bankın ekspertlərinin rəyinə görə, ABŞ-ın epidemiyadan qurtulmaq strategiyası digər ölkələrdəkindən daha pisdir.
Rəsmi Vaşinqtonun bununla bağlı tutduğu mövqe “Beynəlxalq idarə olunan inkişaf institutu” tərəfindən qınağa məruz qalıb. İnstitutun ötən həftə yaydığı dünyanın rəqabətə davamlı iqtisadiyyatlı reytinqində ABŞ burdən-birə 7 pillə yuvarlanaraq 10-cu sırada qərarlaşıb.

Rusiyanın “Sberbank” şirkətinin icraçı direktoru Yevgeni Linçik hələ ki ikinci dalğanın maliyyə dairələrində ciddi qəbul olunmadığı, lakin onun həqiqətən baş verdiyi halda ABŞ-ın biznes aktivliyinə zərbə dəyəcəyini söyləyib.

Qeyd olunur ki, Bİrləşmiş Ştatlarda koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyət heç də ürəkaçan sayılmır. Artıq Kaliforniyada kafe,restoran və bu kimi ictimai iaşə obyektləri bağlanıb. Texas, Nyu-York, Nyu-Cersi və Konnektikutda karantin rejimi sərtləşdirilib.