“Məlum olduğu kimi, bu ilin yanvarın 2-də 9-cu mikrorayon, Cavadxan küçəsi, 4 A saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında təbii qazın sızması ilə əlaqədar baş verən güclü partlayış nəticəsində 6 mənzil tamamilə dağılmış, vətəndaşların ev avadanlıqları və əşyaları yararsız vəziyyətə düşmüşdür.
Hadisədən yarım il keçməsinə və müvafiq dövlət qurumlarına dəfələrlə olunan müraciətlərə baxmayaraq, indiyə kimi nə vətəndaşların evləri təmir olunub, nə də onlara dəymiş maddi ziyan ödənilib”.

Musavat.com xəbər verir ki, bunu millət vəkili Azay Quliyev bildirib: “Bu ailələrin düşdüyü vəziyyət çox acınacaqlıdır və onlar kirayədə yaşadıqları evlərin kirayə pulunu ödəmək qabiliyyətində deyillər.

Dövlət qurumlarından verilən cavab isə budur ki, vaxtında mənzillərinizi sığortalamalıydınız. Bu yanaşmanın məntiqi başa düşülən olsa da, vətəndaşların hazırda düşdüyü vəziyyətə adekvat deyil.
Belə ki, sığortalanan mənzillərdən birinin sahibinə cəmi 7079 manat sığorta pulu təklif olunub. Gəlin razılaşaq ki, bu vəsaitlə tamamilə dağılmış mənzili təmir etmək və avadanlıqla təchiz etmək mümkün deyil.

Sığorta şirkətlərindən söz düşmüşkən, burada başqa bir vacib məsələyə də toxunmaq istərdim. Son günlər daşınmaz əmlakın icbari sığortası məsələsi aktuallaşıb. Sığorta şirkətləri ev-ev gəzərək vətəndaşlardan tələb edirlər ki, icbari sığorta müqaviləsi bağlasınlar, əks təqdirdə məsuliyyət daşıyacaqlar.

Əlbəttə, daşınmaz əmlakın icbari sığortası mahiyyət etibarilə faydalıdır və zəruridir. Lakin sığorta bazarında mövcud problemləri həll etmədən insanları bu formada nəyəsə məcbur eləmək doğru deyildir.

İlk növbədə sığorta sisteminə insanlar tam etimad edib güvənməlidirlər. Bu gün sığorta hadisəsinin qeydə alınmasından, ta sığorta ödənişinin alınmasınadək ciddi bürokratiya, problemlər, süründürməçilik var. Buraya həmçinin sığorta hadisəsi zamanı vurulan ziyanın düzgün hesablanmaması və ədalətli ödənişin həyata keçirilməməsi də daxildir. İkincisi, axı sığorta şirkətləri inzibati orqanlar deyillər. Onlar olsa-olsa bu işi təşviq edə, vətəndaşların sığorta müqaviləsi bağlaması üçün çağırış edə bilərlər. Lakin bəzi şirkətlər sanki bir cərimə tətbiq edən qurum kimi davranır, vətəndaşlara SMS-lər göndərərək onları cərimələməklə və ya cəzalandırmaqla hədələyirlər. Digər tərəfdən sığorta təşkilatlarının bu cür tələb irəli sürməsi haqsız monopoliya imkanları yaradır və vətəndaşın sərbəst şəkildə sığortaçı seçmək hüququnu məhdudlaşdırır. Müvafiq qurumlardan xahiş edirəm ki, icbari sığorta ilə bağlı vətəndaşları narahat edən bu kimi suallara aydınlıq gətirilsin və əsassız tələblər irəli sürən sığorta şirkətlərinə qarşı qanun çərçivəsində tədbirlər görülsün”.

Musavat.com