Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edən deputat Məlahət İbrahimqızı növbədənkənar iclasda çıxış edərkən deputat həmkarı Eldəniz Səlimovla bağlı müzakirələrə görə təəssüfünü ifadə etdi: “Bugünkü müzakirə hədsiz dərəcədə üzücüdür. Biz bu mandatı icad etməmişik. Biz bunu seçicilərin haqqı ilə qazanmışıq”.

M.İbrahimqızı qeyd etdi ki, 44 günlük Vətən müharibəsində hər birimiz arxa cəbhədə mübarizə apardıq: “Biz hər bir əməlimizdə bunu nəzərə almalıyıq. Məsuliyyətsizlik parlamentin adına ləkə gətirə bilməz. Qazanılan uğurlara kölgə salınmasına icazə verməli deyilik”.

Komitə sədri Musa Quliyev bildirdi ki, o, burada heç bir bəraətverici məqam görə bilmir: “Cəmiyyətin də diqqəti bu müzakirələrdədir. Müzakirələri 5 dəqiqə edərdik ki, hər kəs öz fikrini deyə bilsin, mövqeyini ortaya qoysun. Bütün cəmiyyət də bu mövqeyə şahid olsun”.

M.Quliyev Baş Prokurorluqdan və digər hüquq mühafizə orqanlarından bu işi olduqca obyektiv araşdırmağa çağırdı.