Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.

“Qafqazinfo” xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi dənizçilərimizin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 31 dekabradək uzadıb.

Verilən qərara əsasən, agentlik tərəfindən bu istiqamətdə bir sıra işlər görülüb. Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərilib.

Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:

– Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub;

– Mövcud şərtlərə əsasən, liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş;

– Əmək müqaviləsinin surəti.

Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020-ci il, 1 oktyabr 2020-ci il, 31 dekabr 2020-ci il, 31 mart 2021-ci il, 30 iyun 2021-ci il, daha sonra isə 30 sentyabr 2021-ci il tarixinədək uzadılmışdı.