Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 169 min 387 nəfərdən 77 min 257 nəfər sağalıb.

Minval.info Baku.ws-ə istinadən xəbər verir ki, virusdan sağalma nisbəti daha çox Çində müşahidə olunur.

Belə ki, Çində koronavirusa yoluxmuş 81 min 20 nəfərdən 67 min 843 nəfər sağalmağı bacarıb. Bununla bərabər virusa təslim olmuş 3217 nəfər isə həyatını itirib.

Çindən kənar vətəndaşları koronavirusdan həyatını itirən ölkələr arasında İtaliya (1809), İran (724) və İspaniya (292) öndədir. Adı qeyd olunan ölkələr arasında virusdan sağalanlar daha çox İranda qeydə alınıb. Bu ölkədə virusdan 4590 nəfər sağalmağı bacarıb.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OIE) və Ümumdünya Səhiyyə Təşkilatı (DST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Belə ki hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome – orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome – ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.

Virus ailəsinin adı onun anatomik quruluşu – “tac” formasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Həmin virus genetik olaraq bütün digər koronaviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması xüsusilə diqqəti cəlb edir. Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər.

Koronavirusdan qorunmaq və xəstəliyin yayılmasının qarşısını bu yolla almaq olar:

Hər kəs üçün fərdi qorunma qaydaları – aşağıdakı qaydalara riayət etməklə sağlamlığınızı və başqalarının sağlamlığını qoruya bilərsiniz.

  • Əllərinizə mütəmadi spirt əsaslı məhsullar vurun və ya sabunla yuyun. Əllərin səthində hər hansı virus varsa, spirt tərkibli məhluldan istifadə və ya sabunla yumaq onu öldürəcək.
  • Öskürən və ya asqıran insanlardan ən azı bir metr məsafədə dayanın. Burun və ya ağızdan öskürək və ya asqırma zamanı virusun ən kiçik damcıları ətrafa yayılır. Belə bir insana çox yaxın olmaq bu damcılar vasitəsilə virusa yoluxmağa səbəb ola bilər.
  • Mümkün qədər əllərinizlə gözləriniz, burnunuz və ağzınıza toxunmayın. Əllər bir çox səthə toxunur və virus onlara çata bilər. Əllərdə olan virus isə göz, burun və ya ağıza düşə bilər. Bədənin bu hissələrindən virus orqanizmə daxil ola bilər və xəstəlik yarana bilər.
  • Hər bir şəxs tənəffüs gigiyena qaydalarına ciddi əməl etməlidir. Bunu etmək üçün öskürəndə və ya asqıranda ağzınızı və ya burnunuzu dirsək bükümünüzlə tutun və ya salfet ilə ağzınızı örtün. Salfetlərdən istifadə də ətrafa virusun yayılmasının qarşısını ala bilər. Virus kiçik damcılarla ötürülür. Tənəffüs gigiyena qaydalarına ciddi əməl edərək başqalarını SARS, qrip və COVID-19 kimi virus xəstəliklərindən qoruya bilərsiniz.
  • Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin. Yerli sağlamlıq idarənizin göstərişlərinə əməl edin. Bu yolla özünüz barədə tibbi müəssisələri məlumatlandırır və kritik durum zamanı müdaxilənin əsasını qoyursunuz.

Koronavirus əlamətləri hiss etdikdə bunu MÜTLƏQ EDİN

Azərbaycanda koronavirusa yoluxan şəxs ilk olaraq təcili yardımın 103 xidmətinə zəng etməlidir. Daha sonra ev daxilindədirsə, ayrıca otağa keçib ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalı, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq təcili yardımı gözləməlidir. Təcili yardım onu Bakıda koronavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq. Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, 7 gün karantin müddətində həkim nəzarətində qalmalısınız.