30.08.2026 - 14:17
İqtisadiyyat 38 baxış

Ceyranbatanda yeni evlər kommunal çətinliklərlə üzləşir

Ceyranbatan qəsəbəsində yeni salınan yaşayış massivində sakinlər ciddi kommunal problemlərlə üzləşiblər. Ərazidə su və qaz kəmərləri mövcud olsa da, bir çox evdə bu xidmətlərdən istifadə etmək mümkün deyil. Təxminən 60 evin tikildiyi massivdə kommunal şəraitin olmaması səbəbindən əksər evlər boş qalıb.

Minval.info xəbər verir ki, sakinlər su və qazın olmaması səbəbindən əlavə xərclərlə üzləşirlər. İçməli su tələbatını qarşılamaq üçün su maşınlarından istifadə edən sakinlər hər dəfə 150-200 manat ödədiklərini bildirirlər. Gətirilən suyun içməli deyil, texniki su olması da əlavə çətinliklər yaradır. Qaz təchizatının olmaması isə sakinləri balon qazından istifadə etməyə məcbur edir. “Qazımız, suyumuz yoxdur. Çox əziyyət çəkirik. Hər ay 300-350 manat işığa pul verirəm. Ailəm böyükdür. Sudan korluq çəkirik, maşınla su alırıq”, – deyə sakinlərdən biri qeyd edib.

Digər sakin isə qaz balonlarına çəkdiyi xərclərdən danışaraq, “Balaca, 27 litrlik balona 30 manat verirəm. Böyük balona isə 40 manat ödəyirəm. Beləliklə, hər ay yalnız qaza 60-70 manat xərcim çıxır”, – deyə bildirib.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, yaxın vaxtlarda ərazidə içməli su şəbəkəsinin qurulması planlaşdırılır. “Azəriqaz” İstehsalat Birliyindən isə qeyd olunub ki, maliyyə imkanlarından asılı olaraq ərazilərin qazlaşdırılması məsələsinə mərhələli şəkildə baxılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: