Milli Məclisin növbədənkənar iclası başlayıb.

“Qafqazinfo”a istinadən “Minval.info” xəbər verir ki, iclasda deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında layihə müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib. Milli Məclisin İntizam komissiyası deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs verib.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

***

Spiker Sahibə Qafarova bildirib ki, Konstutisiyanın 90-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Baş Prokuror parlamentə müraciət edib: “Təqdimatda Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi xahiş olunur. Baş Prokurorun təqdimatına 7 gün ərzində baxılmalıdır. Ona görə də 53 deputatın tələbi ilə iclas çağırılıb”.

***

Baş Prokuror Kamran Əliyev iclasda çıxış edərək bildirib ki, təqdimatın ünvanlaması üçün kifayət qədər əsaslar olub: “Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumuna məxsus olan “Starıy dvor” restoranına gəlib və Mirzəyev Zaurun nə üçün həmin restorana gəlməsi, gecə 12-dən sonra restoranın işləməsinə irad tutulmasına görə sonradan polisin atası ilə əlaqə saxlayıb, görüşə çağırıb. Hüquqi tərəfdən isə biz artıq cinayət işi başlamışıq. 30 iyul tarixdə məlumat Baş Prokurorluğa məlumat daxil olub. Fakta görə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub. Ona görə də E. Səlimovun toxunulmazlığına xitam verilməsi zəruridir”.

***

İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, komissiyanın rəyinə əsasən müvafiq qanunvericiliyə əsasən deputat Eldəniz Səlimovun  toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var və onun toxunulmazlığına xitam verilə bilər: “Komissiyanın 11 üvü buna müsbət rəy verib. Bu, parlament üçün çox böyük ləkə oldu. Biz parlamentin şərəfini qorumalıyıq”.

***

Deputat Qüdrət Həsənquliyev çıxışında məsələni üzücü bir hadisə adlandırıb: “Həmkarımız qanunvericiliyi pozub. Eldəniz Səlimov əməlini də etiraf edərək üzr istəyib. Ancaq çıxışında onu da bildirib ki, təqib və təzyiqlərin nəticəsində bu hal baş verib. Mən Baş Prokurordan soruşmaq istəyirəm ki, bu hadisəyə qədər onun tərəfindən Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə hər hansı müraciət olunubmu, yaxud onlarda belə bir məlumat varmı? Çünki söhbət deputatın əməlinə hüquqi qiymət verilməsindən gedir. Biz ona görə məsələyə diqqətli yanaşmalıyıq”.

***

Deputat Məlahət İbrahimqızı bildirib ki, bir neçə gündür ki, sosial şəbəkələrdə parlamentə küfr edirlər: “Ancaq parlament qısa müddətdə beynəlxalq münasibətlərdə, pandemiya dövründə və Vətən müharibəsində çox fəal çalışıb. Ona görə də əldə etdiyimiz uğurlara kölgə salmaqlarına imkan verməməliyik”.

***

Deputat Tahir Rzayev çıxışında qeyd edib ki, Eldəniz Səlimovla çox ünsiyyətdə olan adamlardan biridir: “İnana bilmirəm ki, bu qədər sakit, mədəni insan birdən-birə belə hərəkətə yol versin. Ancaq törətdiyi əməl ortadadır. Sahibə xanım, siz dünən videokonfransda bizə bir fləşkart göstərdiniz. Ondan sonra səhərə kimi ağrılı hisslər keçirdim. Biz nə üçün deputat adını aşağıladıq?!”

***

Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Günel Türksoy