İstismarına icazə verilən binalardakı mənzillərin dövlət qeydiyyatına alınması məqsədilə müxtəlif ünvanlarda səyyar xidmətlər təşkil olunur.

“Minval.info-nun Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən verdiyi məlumata görə, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçiriləcək.

Məlumatda deyilir ki, dekabrın 23-29-da 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1300-ə yaxın mənzili əhatə edəcək.

Qeydiyyat kampaniyası dekabr 23-də D.Bünyadzadə küçəsi, 11D, dekabr 24-də M.Seyidov küçəsi, 3149-cu məhəllə, dekabrın 25-də Moskva prospekti, 3168-ci məhəllə, dekabrın 26-da D.Bünyadzadə küçəsi, 15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq. Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında, dekabrın 28-də Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində, dekabrın 29-da isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.

Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir. Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.