“Yeni il ailə bayramıdır. Ona görə mən də yaxınlarımla evdə qeyd edəcəyəm. Əslində, bir-iki səhnə çıxışım da olacaq. Elə il olub ki, səhnəyə çıxmamışam, bir gecəni yalnız eksklüziv bir yerdə olmuşam. İşimi sevirəm və işləməkdən yorulmağımı normal hal hesab edirəm. Yaxşı və çox yataramsa, yorğunluğum çıxır”.

Bu sözləri Xalq artisti Tünzalə Ağayeva musavat.com-un suallarına cavab verərkən deyib. Sənətçi qızının aparıcılıq bacarığından da bəhs edib: “Qızım Türkiyədə İstanbul Bağçaşəhər Universitetində təhsil alır və həftədə iki dəfə oranın radiosunda efirə çıxır. Bu, Türkiyədə universitet radioları arasında ən reytinqlisidir. Efirdə səsinə qulaq asanda bilməmişdim ki, Fidanın səsidir. Deyim ki, onunla təlim keçmişəm, xeyr. Dinləyici kimi səsinə qulaq asdım və qürurlandım”.

– Xalq artisti adına layiq görüləndə sizi küsülü olduğunuz həmkarınız Aygün Kazımova da təbrik etdi . Bunu gözləyirdiniz?

– Məni təbrik edən həmkarlarıma minnətdarlığımı bildirirəm və dəyərləndirirəm. Təbii ki, hamının diqqəti bizim üçün əzizdir. Diqqət qarşılığına yalnız minnətdar olmaq lazımdır.

– Fevralın 9-da Milli Məclisə seçki keçiriləcək. Bəzən həmkarlarınız sizi də həmin kürsüdə gördüyünü açıqlayır. 

– O insanlar çox sağ olsun. Mənim adımı hallandırırlar. Bəs mən öz adımı hallandırırammı? Bu suala cavab vermək lazımdır. Ən azı bu dönəm üçün seçkilərdə iştirak etməyi fikirləşmirəm. Bütün namizədlərə uğurlar arzu edirəm. Və bir şey arzulayıram ki, dövlətimiz layiq olanları qazansın. Qazanan dövlət, vətən, millət olsun.

Bu yolda səlahiyyət daşıyan insanlar nə qədər bu işə könül qoyacaqlar, o zaman əsl vətən sevgisi ilə yanacaqlar. İki tip insan var, şəxsi mənafe və vətənin, millətin, dövlətə marağı olanlar. Vətən, millət, dövlət adından çıxış edən insanların həm yanındayam, həm də onları alqışlayıram.

– Adətən, yeni ildə barışıqlar olur. Küsülü olduğunuz həmkarlarınız tərəfindən addım atılsa, barışarsınız?

– Heç vaxt heç kimdən küsməmişəm. Mən özümü kimsənin nə düşməni sanmışam, nə də küsülü qalmışam. Bu sualı qarşı tərəfdəki insana versəniz, daha yaxşı olar. Kimi nəzərdə tutduğunuzu bilmirəm. Amma heç vaxt savaş tərəfdarı olmamışam. 19 ildir sənətdəyəm və görün bu müddətdə Tünzalə Ağayevanın kiminlə münaqişəsi olub? Mənim üçün sənət gözəllikdir, incəsənətdə sülh olmalıdır. Sənətə, milli musiqi mədəniyyətinə xidmət edən hər bir dostluğu alqışlayıram.

– İmicinizi tez-tez dəyişirsiniz. Buna səbəb nədir? 

– Tez-tez saç rəngimi dəyişirəm. Eyni rəngdən tez yoruluram. Sağ olsun, stilistim saçlarımı yandırmadan  istədiyim nəticəni verir.

– Formada qalmağınızı pilates idman növünə, yoxsa dietaya borclusunuz?

– Gözəlliyimə görə ilk öncə Allahıma borcluyam, məni gözəl yaradıb. Anam məni dünyaya belə gətirib. Çirkin qadın yoxdur, baxımsız və tənbəl qadın var. Vaxtilə sağlam qida mütəxəssisi Mələk Xəlilin köməyi ilə xeyli çəki atdım, şişkinliyim getdi. Sonra həyatıma intensiv idman girdi. Ömrümün 43 ilinin 20 ili idmanla məşğul olub, fasilələrlə dayandırmışam. Artıq özümə söz verdim ki, idmanı tərk etməyəcəyəm, onu daim həyat tərzinə çevirəcəyəm. Ona görə sağlam qidalanmaq, yuxu və su içmək çox vacibdir.