23.11.2026 - 17:14
Belçikada ümumi tətillə həyat dayandı: Minlərlə insan küçələrə çıxdı
Dünya 125 baxış

Belçikada ümumi tətillə həyat dayandı: Minlərlə insan küçələrə çıxdı

Belçikada fəaliyyət göstərən böyük işçi həmkarlar ittifaqları CSC, FGTB və Synova, federal hökumətin sosial xərclərdə edəcəyi ixtisarlar və alıcılıq qabiliyyətinin azalmasına qarşı bir günlük iş dayandırma aksiyası təşkil etdi. Bu tətil ölkə miqyasında dövlət və özəl sektor xidmətlərinin əhəmiyyətli dərəcədə dayandırılmasına səbəb oldu.

Minval.info xəbər verir ki, Belçikanın hava məkanına nəzarət edən Skeyes qurumunun əməkdaşlarının tətilə qoşulması səbəbindən saat 07:00-dan 21:00-dək ölkə üzrə uçuşlar həyata keçirilmədi. Həmin saatlarda hava nəzarət xidməti də verilmədi. Brüssel Hava Limanında bu saatlarda bütün eniş və qalxışlar, Şarlerua Hava Limanında isə gün ərzində bütün uçuşlar ləğv edildi.

Brüsselin ictimai nəqliyyat sistemi (STIB) işçilərinin də tətilə qoşulması səbəbindən şəhər üzrə metro, avtobus və tramvay reyslərinin böyük hissəsi həyata keçirilmədi. Çox sayda müəllimin tətilə qoşulması səbəbindən bəzi məktəblərdə dərslər keçirilmədi. Bələdiyyə işçilərinin də böyük dəstək verdiyi tətil nəticəsində zibil toplama və uşaq baxçaları ilə müxtəlif idarəetmə xidmətləri dayanma nöqtəsinə gəldi.

Brüsseldə yollar bağlandı

Tətillə əlaqədar Brüsseldə minlərlə insan hökumətin siyasətlərinə qarşı etiraz aksiyası keçirdi. Brüsselin Şimal Dəmiryolu Stansiyasının qarşısında toplaşan etirazçılar, həmkarlar ittifaqlarının qırmızı, yaşıl və mavi rəngli gödəkçələri ilə nümayişə qatıldı.

Hökumət əleyhinə şüarlar səsləndirən və plakatlar daşıyan etirazçılar bir neçə kilometr məsafə qət etdilər. Yürüş səbəbindən Brüsselin mərkəzi bölgələrindəki yollar gün ərzində bağlandı.

Tətil, Belçika Baş naziri Bart De Veberin rəhbərlik etdiyi koalisiyanın büdcə müzakirələrinin davam etdiyi dövrdə baş verir. İşçi həmkarlar ittifaqları, hökumətin planlaşdırdığı büdcə açığını azaltmağa yönəlik tədbirlərinin işçilərin alıcılıq gücünü və sosial hüquqlarını zəiflətdiyini iddia edir.

Həmkarlar ittifaqları, federal hökumətdən büdcə açığını bağlamağa yönəlik tədbirlərin dəyişdirilməsini və alıcılıq gücünün qorunmasını tələb edir. Onlar həmçinin maaş və sosial yardımların həyat bahalığına görə avtomatik artırılması tətbiqinin qorunmasını və dövlət xidmətlərində büdcə ixtisarlarından imtina edilməsini istəyirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: