“Azərbaycanda bütün seçki məntəqələri seçkilərin keçirilməsinə və bütün qanunvericilik tələblərinin təmin olunmasına, yəni ümumi, bərabər və demokratik seçkilərin keçirilməsinə hazırdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycandakı parlament seçkilərini müşahidə edən belaruslu deputat İqor Komarovski deyib.

“15 seçki məntəqəsində olaraq bildirmək istəyirəm ki, seçkilər sakit məcrada keçir. Seçki prosesinin bütün subyektləri bir-biri ilə ümumi dil tapırlar. Həm seçki komissiyalarının üzvlərini, həm də müşahidəçiləri, ilk növbədə, Azərbaycanın milli müşahidəçilərini nəzərdə tuturam.

Onlarla söhbət etdik və ciddi məsələlər və şikayətlərin olmadığını öyrəndik. Əminəm ki, seçki prosesi gün ərzində də konstruktiv və sakit şəkildə davam edəcək və Azərbaycan xalqı – seçicilər cəmiyyətin həyatını yaxşılaşdırmağa və gələcəkdə həm iqtisadi, həm də sosial baxımdan daha da inkişaf etməyə imkan verən layiqli seçimlərini edəcəklər. Respublikada baş verən dəyişiklikləri və islahatları nəzərdə tuturam”, – o söyləyib.