Mərkəzi Seçki Komissiyası yekun protokolları Konstitusiya Məhkəməsinə göndərdi, məğlub iddialılar isə…

MSK 25 fevralda Milli Məclisə seçkilərin nəticələrini yoxlayıb və yekun vurub. Fevralın 26-da isə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

MSK həmçinin seçki pozuntularına yol verilən 87 seçki məntəqəsi və məntəqə seçki komissiyalarının buraxılması barədə qərar qəbul edib. Qeyd edək ki, ölkə üzrə seçki məntəqələrinin sayı 5 mindən yuxarıdır.

Seçkinin yekunları ilə bağlı çıxışında MSK sədri Məzahir Pənahov bildirib ki, seçki məntəqələrinin 96 %-də səsvermənin gedişinə kölgə sala biləcək hansısa pozuntu baş verməyib. Bu, yüksək göstəricidir. Bu nəticənin əldə edilməsi üçün MSK-nın maarifləndirmə işlərinin də böyük təsirləri olub. Müxtəlif dövlət qurumlarının nümayəndələri də öz vəzifələrinin öhdəsindən gəlməyi bacarıb.

Seçkilərdə rekord sayda namizəd qeydə alındığını xatırladan M.Pənahov qeyd edib ki, seçki ilə bağlı bütün proseslər ictimaiyyətin gözü qarşısında keçirilib.

MSK sədri həmçinin bildirib ki, bu seçkilərdə sosial şəbəkə fenomeni xüsusi rol oynayıb: “Seçkilərlə bağlı araşdırma işləri çox şəffaf şəkildə keçirilib. Bu müddət ərzində bütün proseslər ictimaiyyətə çatdırılıb. Bütün məlumatlar MSK-nın saytında da vaxtında yerləşdirilib. Ümumilikdə deyə bilərik ki, seçki prosesi çox yüksək səviyyədə keçirilib. Səsvermənin yekunları hərtərəfli araşdırılıb. Mərkəzi Seçki Komissiyasında baxılmamış, araşdırılmamış məsələ qalmayıb”.

M.Pənahov qeyd edib ki, siyasi partiyaların seçki prosesində müstəqil fəaliyyəti də müşahidə edilib: “Tarixi canlanmanı yaşayırıq. Seçkilərlə bağlı Azərbaycan ictimaiyyətinin bütün üzvləri arasında canlanma müşahidə edildi. Nəhayət, Azərbaycanda bütün tərəflər proseslərdə aktiv iştirak etməyə başlayır. Bu sevindirici haldır. Ölkə vətəndaşlarının faəliyyəti üçün bütün şərait yaradılıb. Bu gün bəzi insanlar da öz narazılığını bildirir. Bu normal haldır. Narazıların haqlı olanları MSK və müxtəlif qurumlar tərəfindən təmin edildi”.

Bir sıra keçmiş namizədlər və müxalifət təmsilçiləri isə prosesdən narazılıq ediblər. Bu mövqedə olanların qənaətincə, MSK bir çox dairələrdə seçkilərin nəticələrini ləğv etmək əvəzinə, sadəcə  məntəqənin nəticələrini ləğv etmək taktikasını seçdi. Bir neçə məntəqədə nəticələrin ləğvi isə dairədə seçkinin nəticələrinin ləğvinə səbəb olmadı. Beləliklə də seçki mübahisələri tam həll edilməmiş qaldı. Bir çox namizədlər isə bildiriblər ki, prosesi məhkəmə instansiyalarında davam etdirəcəklər.

Belə aydın olur ki, seçki ajiotajı səngisə də seçki mübahisələri, nəticələrə şübhələr hələ uzun müddət davam edəcək.

Hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi Elman Nəsirov isə bu mövzuda “Yeni Müsavat”a açıqlamasında bildirib ki, MSK seçkilərə yekun vurduğu üçün seçki məsələsi artıq bitmiş sayıla bilər.