Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Mütəxəssislər yaxın günlərdə yoluxma sayının daha da artacağını istisna etmirlər. Rəsmi qurumlar əhalini yenidən peyvənd olunmağa çağırır. Hətta karantin qaydalarının yenidən sərtləşdirilmə ehtimalı səslənir. Virusa yoluxanların sayı kəskin şəkildə artarsa, yenidən qapanmalara gediləcəyi bildirilir.

Məsələyə münasibət bildirən millət vəkili Məlahət İbrahimqızı Bakupost.az -a açıqlamasında deyib ki, son günlər ölkədə yoluxma halları xeyli artıb:

“Bir ay əvvəl yoluxma sayında kəskin azalma müşahidə olunurdu. Hətta gündəlik yoluxma sayı 6-8 civarında idi. Ölüm halları da yox idi. İndi isə yoluxma 300 civarındadır, ölüm halları da var. Buna görə də, Səhiyyə Nazirliyi və TƏBİB virusa yoluxma tempinin belə artması halında tədbir görüləcəyini açıqlayıb. İndidən hansı karantin qaydalarının tətbiq ediləcəyini demək çətindir. Ancaq artım sürətlə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi labüd olacaq. Düşünürəm ki, ayın sonuna kimi vəziyyət dəyərləndiriləcək və buna uyğun müvafiq qərarlar qəbul olunacaq”.

M.İbrahimqızının dediyinə görə, yay fəsli olduğu üçün​ insanlar çimərliklərə, istirahət mərkəzlərinə gedir. Belə yerlərdə isə tünlük olduğu üçün yoluxma artır:

“Mən ölkədə sərt karantin rejiminin olacağını gözləmirəm.​ Ola bilər ki, müəyyən qaydalar tətbiq edilsin. Ancaq fikrimcə, sərt karantin rejimi olmayacaq. Vətəndaşların çox hissəsi peyvənd olunub, eyni zamanda yoluxmalar nəticəsində kütləvi immunitet də yaranıb. Koronavirus da artıq zəifləyib, ölüm halları da çox azdır. Düşünmürəm ki, koronavirusla bağlı əvvəlki kimi təşviş olsun, yaxud sərt karantin qaydaları tətbiq edilsin. Ancaq bununla belə vətəndaşlar arxayınlaşmamalı, gigiyena qaydalarına riayət etməli, özlərini qorumalıdırlar. İnsanlar qaydalara riayət etsə,​ yoluxma halları artmaz və qapanmalara da gedilməz”.