04.09.2026 - 20:59
Ölkə 10 baxış

Bayramov yeni İsveç səfiri ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 4 sentyabr tarixində Şvetsiyanın Azərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luiza Morsinqi qəbul edib.

Minval.info xəbər verir ki, görüş zamanı səfir Luiza Morsinq, nazir Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib. Nazir, səfiri yeni vəzifəsi münasibətilə təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və Şvetsiya arasında mövcud əlaqələrin inkişafı baxımından səfirin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Tərəflər arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, ticarət-iqtisadi əlaqələr, humanitar sahədə və təhsil sahəsində əməkdaşlıq, həmçinin regional məsələlər müzakirə edilib. İki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli gündəliyin inkişafına töhfə verdiyi qeyd olunub. Bu çərçivədə yüksək səviyyəli qarşılıqlı səfərlərin və əlaqələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov, Azərbaycanın regionda davamlı sülh və sabitliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətindəki səyləri, eləcə də regionda əməkdaşlıq üçün yeni imkanlar barədə səfiri məlumatlandırıb.

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq, regional kommunikasiyalar, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər də müzakirə olunub. Səfir Luiza Morsinq, Azərbaycan və Şvetsiya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün bütün səylərini göstərəcəyini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: