Tovuzda güllələnən sabiq məmur xəstəxanada öldüBaş Prokurorluq Tovuzda sabiq məmurun biznesmen tərəfindən güllələnməsi ilə bağlı açıqlama yayıb.

Qurumun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, Tovuz rayon sakininin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

İş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, qətlə yetirilən keçmiş məhkəmə sədri, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərov Ədalət Partiyasının Tovuz rayon təşkilatının sədri olub. Əli Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınan iri biznesmen, yerli oliqarxdır. “Göl Əli”nin Tovuzda bir çox iri obyektləri, o cümlədən Zəyəm çayının üzərində otel-istirahət mərkəzi var. Həmin istirahət mərkəzinin həyətində süni göl də yaradılıb ki, Əli Şəmiyevə ləqəbi də həmin gölə görə veriblər.

O, eyni zamanda Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. Belə ki, “Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər. Rayonun sabiq başçısı T. Zeynalov da Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.