24.08.2026 - 15:01
Ölkə 24 baxış

Bank kartlarına məhdudiyyət: Nağd ödənişlərə dönüş?

Azərbaycanda avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq olunub. Yeni qaydalara əsasən, gün ərzində kartlara mədaxil və kartdan-karta köçürmələr üzrə maksimum beş əməliyyat həyata keçirmək mümkündür.

Minval.info xəbər verir ki, bu məhdudiyyətlərin şəffaflığın artırılması, fırıldaqçılığın, vergidən yayınmanın və qanunsuz mərc oyunlarının qarşısının alınmasına xidmət etdiyi bildirilir. Lakin məhdudiyyətlərin vətəndaşların gündəlik ödənişlərinə təsiri ilə bağlı müzakirələr davam edir. Xüsusilə sosial şəbəkələr üzərindən satış edən kiçik sahibkarlar və fərdi xidmət göstərən şəxslər yaranmış vəziyyətdən narazıdırlar.

Bir çoxları hesab edir ki, bu məhdudiyyətlər vətəndaşların öz vəsaitlərindən istifadəsini çətinləşdirir. Problemin həlli üçün daha optimal mexanizmlərin tətbiqi, bankların bu istiqamətdə alternativ həllər üzərində düşünməsi vacibdir. Əks halda, məhdudiyyətlərin davam etməsi insanları elektron ödənişlərdən yenidən nağd ödənişlərə yönəldə bilər ki, bu da nağd pul dövriyyəsinin artmasına və iqtisadi əməliyyatların şəffaflığının azalmasına səbəb ola bilər.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məqsəd fırıldaqçılığın, vergidən yayınmanın və qanunsuz ödənişlərin qarşısını almaqdırsa, bütün istifadəçilərə eyni məhdudiyyəti tətbiq etməkdənsə, risk əsaslı yanaşmadan istifadə etmək daha səmərəli olar. Şübhəli əməliyyat nümunələri avtomatik aşkarlanaraq həmin hesablar daha ciddi yoxlanıla bilər. Eyni zamanda, kiçik sahibkarlar və fərdi xidmət göstərən şəxslər üçün sadələşdirilmiş biznes kartları, aşağı komissiyalı ödəniş həlləri və daha çevik limitlər tətbiq oluna bilər.

A.Nəsirli vurğulayıb ki, vətəndaşlar kütləvi şəkildə kartlardan uzaqlaşıb nağd ödənişlərə üstünlük versələr, bunun bir neçə mənfi nəticəsi yarana bilər. Elektron ödənişlərin payı azalar, iqtisadiyyatın şəffaflığı zəifləyər, nağd pul dövriyyəsi artar və vergidən yayınma riskləri yüksələr. Bundan başqa, banklarda dövr edən vəsaitin azalması ödəniş ekosisteminin inkişafına, rəqəmsal xidmətlərə və maliyyə texnologiyalarına da mənfi təsir göstərə bilər. Uzunmüddətli dövrdə insanların elektron ödəniş sistemlərinə etimadının zəifləməsi həm banklar, həm də iqtisadiyyat üçün arzuolunmaz nəticələr yarada bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: