Bakını bürüyən kəpənəklər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu son günlər davam edən küləkli hava şəraiti səbəbindən Bakıda və Sumqayıtda qəhvəyi rəngli, iri kəpənək sürüsü ilə bağlı açıqlama yayıb.
AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülzar Mustafayeva bildirib ki, bu həşəratlar pulcuqqanadlılar Lepidoptera kəpənəklər dəstəsindəndir.

Onun sözlərinə görə, həmin kəpənəklərə həm də “çayır odlucası” deyilir: “Çayır kəpənəyi odlucalardan olub polifaq zərərvericidir. Bir çox kənd təsərrüfatı bitkilərinə zərər yetirir. Erkəkləri 18-20 mm, dişiləri 25 mm-ə qədər olur. Qanadları qəhvəyimtildir. 1 ildə 2-5 dəfə nəsil verir. Bitkilərin yarpaqları, tumurcuqları və çiçəkləri ilə qidalanır”.
G.Mustafayeva qeyd edib ki, hazırda yetkin fərdlərin çıxış dövrü olduğu üçün kütləvi çoxalma dövründə kənd təsərrüfatı bitkilərinə böyük ziyan vuran bu kəpənəklərlə kimyəvi mübarizə aparmağın vaxtıdır: “Bunun üçün müxtəlif insektisidlərdən istifadə olunur. Zərərvericilərin 5-6 ildən bir kütləvi çıxış dövrü olur. Çox güman ki, bu həşəratların bu il kütləvi çıxış dövrüdür. Bu il, həmçinin Abşeronda bərabərqanadlılardan mənənələrin də kütləvi artım dövrü olub”.
AMEA rəsmisi bildirib ki, bu kəpənəklər bir-biriylə cütləşdikdən sonra yumurta qoyacaq: “Həşərat polifaq olduğu üçün yumurtalarını müxtəlif kənd təsərrüfatı bitkilərinin üzərinə də qoyur. Yumurtadan çıxan tırtıllar bitkilərin yarpaqları və tumurcuqları ilə qidalanır. İndi, yetkin mərhələdə və təxminən 7-10 gündən sonra tırtıl (sürfə) mərhələsində kimyəvi mübarizə aparmaq vacibdir”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!