Fevralın 8-də Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti olub.

Minval.info “AzərTac”a istinadən xəbər verir ki, konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə keçib.

Konsertdən əvvəl Peter Qut möhtəşəm memarlıq üslubunda inşa olunan Heydər Əliyev Mərkəzində artıq dördüncü dəfə çıxış etməkdən məmnunluğunu bildirib. O, proqramda dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohann Ştrausun, həmçinin digər Vyana klassiklərinin – ata İohann Ştraus, Yozef Lanner, Robert Stolz, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərlərinin yer aldığını diqqətə çatdırıb.

Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsert zamanı həm skripkada ifa edib, həm də dirijorluq edib. Məşhur əsərlərin yüksək peşəkarlıqla təqdim olunduğu, tamaşaçılarla səmimi ünsiyyət şəraitində keçən konsert maraqla qarşılanıb.

Xatırladaq ki, orkestr 2014-cü, 2016-cı və 2018-ci illərdə də Heydər Əliyev Mərkəzində çıxış edib.

Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir. Vyana musiqi ənənələrinin qoruyucusu olan kollektiv klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə bütün dünyada şöhrət qazanıb.