10.09.2026 - 13:01
Ölkə 17 baxış

Bakı yollarında sıxlıq: Yeni tədris ili başlayır

Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə Bakı şəhərində nəqliyyat sıxlığının daha da artacağı proqnozlaşdırılır. Şagird və tələbələrin məktəb və universitetlərə gediş-gəlişi, valideynlərin övladlarını şəxsi avtomobillərlə təhsil müəssisələrinə aparması paytaxt yollarına onsuz da yüksək olan yükü daha da artıracaq. Yeni dərs ili başlamamış şəhərin bir sıra küçə və prospektlərində müşahidə olunan sıxlıq isə qarşıdakı günlərdə nəqliyyat vəziyyətinin daha da mürəkkəbləşə biləcəyindən xəbər verir.

Minval.info xəbər verir ki, bu il paytaxtda nəqliyyat yükünü artıran amillərdən biri də metroda tətbiq olunan məhdudiyyətlərdir. Xüsusilə Dərnəgül istiqamətində hərəkət edən sərnişinlərin marşrutlarını dəyişməli olması, Nizami stansiyasında düşərək yolun qalan hissəsini avtobusla davam etdirməsi əlavə sərnişin axınının formalaşmasına səbəb olur. Bu məqsədlə Nizamidən Dərnəgül istiqamətinə əlavə avtobusların cəlb edilməsi sərnişinlərin daşınmasını təmin etsə də, yerüstü nəqliyyatda, xüsusilə həmin istiqamətdə hərəkətin intensivliyinə əlavə təsir göstərə bilər.

Nəqliyyat üzrə ekspert Raqif Raufoğlu da yeni tədris ili ilə bağlı Bakıda nəqliyyat vəziyyətinin daha da ağırlaşacağını düşünür. Ekspertin fikrincə, metroda yaranan məhdudiyyətlər fonunda təhsil müəssisələrinin də müəyyən addımlar atması vəziyyətin nisbətən yüngülləşdirilməsinə kömək edə bilər. O hesab edir ki, xüsusilə universitetlər dərs saatlarını mümkün qədər çevik şəkildə tənzimləyə bilərlər. Ekspert tələbə və şagirdlərin, xüsusilə qısa məsafələrdə alternativ nəqliyyat vasitələrindən istifadəsini də mümkün həll yollarından biri kimi qiymətləndirir. Onun sözlərinə görə, hava şəraiti imkan verdiyi müddətdə mikromobillik vasitələrindən, məsələn, skuterlərdən istifadə etmək, təhsil müəssisəsinə daha yaxın məsafədə qalmaq və gündəlik marşrutları əvvəlcədən düzgün planlaşdırmaq nəqliyyat yükünün azalmasına müəyyən qədər kömək edə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: