22.01.2019 - 20:59
Ölkə 1 baxış

Bakı Nəqliyyat Agentliyi: Bakıda parklanmalardan yığılan pullar qanunsuzdur

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aparılan araşdırmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib.

Minval.İnfo Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyib.

BNA rəhbərinin sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib: “Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi ilə danışıqlar gedir”.

Qurum rəsmisi bildirib ki, hələlik parkinq qiymətləri müəyyənləşməyib:

“Bizim tərəfimizdən Nazirlər Kabinetinə təkliflər verilib. Bakının mərkəzindəki parkinqlərlə şəhər kənarındakı parkinqlərdə qiymətlər eyni olmayacaq. Eyni zamanda, gecə saatlarında parkinqlərin ödənişsiz olması nəzərdə tutulub.

Gündüz saatlarında parkinqlər 2 saatdan sonra ödənişli olacaq. Hələlik yeraltı parkinqlərin də təhvil-təslimi davam edir. Təbii ki qiymətlərə baxılacaq. Çünki əvvəlki qurumun müəyyən etdiyi qiymətləri saxlaya bilmərik.

Bəziləri sosial şəbəkələrdə bildirir ki, parkinq qiymətləri bahalaşıb. Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 ay üçün avtomobilə 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir”.

V.Kərimli bildirib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur: “Həmin parklanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur.

Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: