29.08.2026 - 19:51
Ölkə 35 baxış

Bakı metrosunda yeni marşrutlar: Sərnişinlər üçün rahatlıq artırılır

Bakı Metropolitenində yeni hərəkət sxeminin tətbiqindən sonra artıq 10 gündən çox vaxt keçib. Bu müddət ərzində sərnişin daşınmasını təmin etmək və yaranan boşluğu doldurmaq məqsədilə yeni ekspres avtobus marşrutları fəaliyyətə başlayıb, mövcud xətlər isə gücləndirilib. Sərnişinlərin yeni sxemə uyğunlaşma prosesi və sistemdəki boşluqların aradan qaldırılması istiqamətində işlər davam edir.

Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) alternativ daşımaların təmin edilməsi məqsədilə altı ekspres marşrut təşkil edib. Eyni zamanda, 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb ki, bu da avtobuslararası intervalın azaldılmasını və sərnişinlər üçün əlçatanlığın artırılmasını təmin edib. İlk 10 gün ərzində sərnişin tələbatının öyrənilməsi və daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, ekspres marşrutlarda dəyişikliklərə başlanılıb.

Avqustun 24-dən etibarən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemi dəyişdirilib. Əvvəllər “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən marşrut artıq “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını əlaqələndirir. Bundan əlavə, “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda da yenilik tətbiq edilir. Sərnişinlərin avtobuslara minməsini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci validatorun quraşdırılmasına başlanılıb.

Bakı Metropoliteni QSC-dən bildirilib ki, həm tikinti, həm də mövcud xətlər üzrə sərnişindaşıma sahəsində işlər planlaşdırılmış qaydada davam edir. Avqustun 15-dək “yaşıl” və “qırmızı” xətlərin müstəqil sahələrində hərəkət intervalı gur saatlarda 3:30 saniyə təşkil edirdi. Qırmızı xətt üzrə hərəkətin təşkilində tam müstəqil fəaliyyət mümkün olduğundan, “İçərişəhər-Əhmədli” istiqamətində interval 1 dəqiqə azaldılaraq 2:30 saniyə təmin edilib.

Qurumdan verilən məlumata görə, 2025-ci və 2026-cı illərin avqust ayı üzrə müqayisəli statistik daşıma təhlillərinə əsasən, sərnişin gedişlərində 21 faiz aşağı nəticə qeydə alınıb. Bu isə xətlərin ayrılması layihəsinin təsiri də nəzərə alınmaqla hazırkı dövrdə müşahidə olunan maksimal azalma hesab edilə bilər. Son günlərdə sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması ilə bağlı müsbət dinamika müşahidə olunur. Ümumilikdə, ilk günlərdə müşahidə olunan çaşqınlıq azalıb və yaxın dövr üçün əsas hədəf yeni tədris mövsümünə qədər sərnişinlərin daha çox məlumatlı olmasıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: