AMEA ilə bağlı məsələ hələ də gündəmdədir. Bu qurumun fəaliyyəti daim tənqid hədəfində olub ki, alimlərimiz normal bir kəşf və ya araşdırma ortaya qoya bilməyiblər. Bəs bu son tənqidlərdən sonra nə dəyişməlidir və hansı islahatlara ehtiyya var? Ümumiyyətlə bu qurum ləğv edilməlidir, yoxsa saxlanılmalı və hansısa formada profil dəyişilməlidir?

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran Ağ Partiya lideri Tural Abbaslı bildirdi ki, Milli Elmlər Akademiyası demək olar ki, bir çox ölkələrdə var. Yəni elmlər akademiyası və ya başqa adlar altında. Bizdə də Sovet İttifaqı dönəmindən Elmlər Akademiyası olaraq qalıb. Amma əfsuslar olsun ki, oradaki yanaşma və strukturlaşma tərzi hələ də sovet dönəmindəki ilə eynidir. Bir çox ölkələrdə elmlər akademiyaları çox araşdıran, təcrübə edən, eksperimentlər aparan və müxtəlif istehsalat müəsissələrinə sahib qurumdur. Amma Azərbaycanda nəzəri və daha çox praktiki olmayan məsələlər üzrə vəzifəli adamları ad ilə təmin etmək üçün olan bir qurumdur. Elmlər Akademiyasının müxbir üzvü, Elmlər Akademiyasının həqiqi üzvü, Elmlər Akademiyasının prezidenti və s. Demək olar ki, bu qurum adına uyğun işləmir”.

T. Abbaslı vurğuladı ki, akademiya öz fəaliyyətinə ən gözəl qiyməti özü verib: “Pandemiya zamanı bütün dünya dövlətləri antivirus istehsal etmək üzrə araşdırmalar apararkən Azərbaycan Elmlər Akademiyası koronovirus mövzusunda inşa yazısı elan etmişdi. Belə gülməli addımlarla məşğuldurlar. Sonradan da Ramiz Mehdiyevin orada təmsil olunması akademiyanın siyasi proseslərinin tərkib hissəsi olması… Mən düşünmürəm ki, akademiyanı ləğv etmək lazımdır. Əksinə qalmalıdır və Elmlər Akademiyası elm, təcrübə və ixtiralar ocağı olmalıdır. Eyni zamanda da dövlət büdcəsindən ora kifayət qədər vəsait ayrılmalıdır. Və bu da Azərbaycan elminə töhvə verməlidir”.

Partiya sədri vurğuladı ki, ləğv etmək əvəzinə strukturu dəyişdirilməlidir, yanaşma tərzi dəyişdirilməlidir və ən əsası gəncləşdirilməlidir: “Hazırda elmlər akademiyasını daha çox ağsaqqallar şurasına bənzəyir. Bəlkə də elmlər akademiyasının üzvlərinin 70 faizi “whatsapp” nədir bilmirlər. Çünki o qədər yaşlıdırlar ki, bu platformalardan istifadə etmirlər. Elmlər Akademiyası yenidən təşkil olunmalıdır. Modellər var, hansı ki, o modellərə istinad edərək nələrsə götürmək olar. Məsələn, Britaniya modelini götürüb elmə, təhsilə töhfə verəcəyi bir ocaq etmək lazımdır. Sözün həqiqi mənasında olan alimlərin ortaya çıxması, alimlərə dəstək verilməsi, ixtiraların və icadların ortaya çıxması üçün yenidən rekonstruksiya etmək lazımdır”.