03.10.2026 - 09:00
Azərbaycanda insult və infarkt ölümləri: Son beş ilin statistikası
Səhiyyə 1 baxış

Azərbaycanda insult və infarkt ölümləri: Son beş ilin statistikası

Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktı səbəbindən 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. Bu iki göstərici illər üzrə ümumilikdə 54 973 təşkil edib.

Minval.info xəbər verir ki, illər üzrə rəqəmlərə baxıldıqda insultdan ölüm halları 2021-ci ildə 7803 olub. 2022-ci ildə bu rəqəm azalaraq 6362-yə düşüb, 2023-cü ildə isə 6447, 2024-cü ildə 6429, 2025-ci ildə isə 6469 olub. Beləliklə, 2025-ci ildə insultdan ölüm sayı 2021-ci illə müqayisədə 1334 nəfər, yəni 17,1 faiz azalıb. Ancaq 2025-ci ildə əvvəlki illə müqayisədə 40 nəfər artım qeydə alınıb. Kəskin miokard infarktı üzrə isə 2021-ci ildə 4737 ölüm qeydə alınıb. Sonrakı illərdə bu rəqəm 4085, 4362 və 4239 olub, 2025-ci ildə isə 4040 ölüm qeydə alınıb.

Ümumilikdə, 2021-ci ildən 2025-ci ilə qədər həm insultdan, həm də kəskin miokard infarktından ölüm göstəricilərində azalma müşahidə edilir. Lakin insult üzrə 2025-ci ildə əvvəlki illə müqayisədə artım qeydə alınıb.

Kardioloq, professor İdris Xəlilov bu barədə danışaraq bildirib ki, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan üzrə ölüm səbəblərinin beynəlxalq müqayisəsində ehtiyatlı olmağı tövsiyə edir. Çünki ölüm qeydiyyatı məlumatlarının keyfiyyəti ilə bağlı müəyyən məhdudiyyətlər var.

Professorun fikrincə, profilaktikanın əsas sütunları stressdən qaçmaq, siqaretdən uzaqlaşmaq, fiziki aktivliyi artırmaq və keyfiyyətli qidalanmadır. Risk faktorlarının vaxtında qiymətləndirilməsi və normal yuxu rejiminə əməl edilməsinin də böyük əhəmiyyəti var. O, həmçinin vurğulayıb ki, profilaktika “hamıya eyni dərman” demək deyil, fərdi risklərin qiymətləndirilməsi lazımdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: