Çernobıldan paslanmış , xarab dəmirlərdən armatur hazırlanıb göndərilir?
Türkiyədə dəhşətli zəlzələdə binaların yerlə-yeksan olması, zəlzələyə davamlı olmaması ölkəmizdə də bu sahəyə diqqəti artırıb. Bununla bağlı günlərdir ki, səslənən təzadlı fikirlər geniş müzakirə olunmaqdadır. Millət vəkili Fazil Mustafanın tikinti sektorunda ikinci əl armatur və yaxud keyfiyyətsiz sement və betonlardan istifadə olunması haqda səsləndirdiyi iddialar müzakirələri daha da qızışdırıb.
Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov da Bakupost.az-a açıqlamasında yeni tikilən binaların tikintisində istifadə olunan armatur, beton və sementin keyfiyyətli olmadığını deyib: “İndi armatur əsasən köhnə metalların yenidən əridilməsi yolu ilə hazırlanır və təbii ki, onun davamlılığı zavodlarda texnoloji qaydalara tam əməl edilməklə hazırlanan armaturlardan azdır. Düzdür, Fövqəladə Hallar Nazirliyi və tikintiyə nəzarət edən agentlik bütün tikinti sahələrində laborator analizlər aparır, yoxlamalar həyata keçirirlər. Mövcud standartlara əməl olunmasına səy göstərilir. Amma yenə də bu binaların 8 ballıq zəlzələyə davam gətirməsi barədə fikir söyləmək çox çətindir”.
Eyyub Hüseynov
“Ev tikintisində istifadə olunan beton və sementlərin 90 faizi dövlət yoxlamasından keçmir, üstəlik, betonların tərkibinə fenol adlı maddə qarışdırılır”. Bu sözləri isə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında deyib. O xatırladıb ki, istehlakçıların hüquqları ilə bağlı 1995-ci ildə qanun qəbul olunub, ondan sonra qanunda 5 dəfə dəyişiklik aparılıb və yalnız qanun istehlakçıların zərərinə zəiflədilib: “Bu sahədə ən ciddi problemlərdən biri 19 may 2021-ci ildə Nazirlər Kabinetinin 343 saylı qərarının, yəni təhlükəsizliyi təmin olunan malların siyahısının ləğv olunması ilə bağlıdır: “Həmin qərar əsasən bir sıra mallar, o cümlədən armaturlar, sementlər və sair ölkənin əmtəə bazarına daxil olmazdan əvvəl sertifikatlaşdırımalı, yoxlanılmalı və onların təhlükəsizliyi təmin olunmalı idi. Lakin bu qərar ləğv olunandan artıq ölkənin əmtəə bazarında kifayət qədər təhlükəli mal mövcuddur və belə bir vəziyyətdə əlbəttə ki, ev tikintisində istifadə olunan materialların təhlükəsizliyi təmin olunmur. Azad İstehlakçılar Birliyinin əldə etdiyi məlumata görə, hazırda ev tikintisində istifadə olunan betonların 90 faizi, ümumiyyətlə, heç bir dövlət yoxlamasından keçmir və üstəlik, betonların tez bərkiməsi üçün onların tərkibinə fenol deyilən maddə qarışdırılır.
Biz görürük ki, gözümüzün qarşısında bir həftəyə sürətlə evlər tikilir. Bu məsələlərin hamısı açıq qalıb. Çox təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyi yanında Standartlaşdırma İnstitutu mövcud olsa da həmin qurumda betonların, sementin keyfiyyəti yoxlama imkanı olsa da bu sahədə heç bir iş aparılmır və yaxud aparmaq üçün əl-qolu bağlıdır.
13 il əvvəl Azad İstehlakçılar Birliyinə xarici kollegiyalarımız bir məktub göndərdi, məktubda deyilirdi ki, Azərbaycana Çernobıldan paslanmış , xarab dəmirlərdən armatur hazırlanıb göndərilir. Bununla bağlı hətta mənbə sənədlər göndərdilər. Çox sayda saxta sənədlər, sertifikatlar Azərbaycana, həmçinin İrana göndərilir”.
Ekspert bu məsələni artıq dövlət orqanları qarşısında qaldırdığını bildirdi: “Mənə göndərilən təşəkkür məktubunda deyildi ki, bu məsələ ilə bağlı məşğul olacaqlar və sairə. Bununla bərabər binalarda radiasiya məsələsi də önə gəlməlidir. Belə bir vəziyyətdə əgər qardaş ölkədə baş verən zəlzələ Azərbaycanda da baş verərsə, bizi çox böyük problemlər gözləyə bilər.
Ona görə də mətbuat vasitəsilə ölkədə qərar qəbul edən qurumlara çağırış edirəm ki, üzlərini istehlakçılara tərəf çevirsinlər, hər şey istehlakçılar üçündür, hökuməti də saxlayan istehlakçılardır. Artıq bu gündən həmin Standartlaşdırma İnstitutu qarşısında məsələ qaldıracam ki, nə yolla olursa-olsun, dövlətin icazəsini almaq lazımdır ki, betonlar, sementlər yoxlanılsın, evlərdə monitorinq aparılsın, o cümlədən də radiasiya təhlükəsi də araşdırılsın”.