“Gürcüstanda bu vaxta qədər koronavirusa yoluxma halı aşkarlanmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hazırda həkim nəzarətində olan 4 pasiyentin heç birində koronavirus müəyyən olunmayıb.

A.Qamkreldze qeyd edib ki, iki çinli azyaşlıda A (H1N1) virusu laborator şəraitdə təsdiq olunub.

İki Gürcüstan vətəndaşına gəlincə, mərkəz rəhbəri deyib ki, onlarda qrip aşkarlanmayıb və vəziyyətləri tam qənaətbəxş qiymətləndirilir.

O, koronavirusla bağlı Gürcüstanda təşvişə səbəb olmadığını və ölkənin bu virusla mübarizəyə tam hazır olduğunu vurğulayıb.


*** 10:10

Tbilisi İnfeksiya Xəstəxanasında 4 nəfər qrip virusundan müalicə olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə klinikadan məlumat verilib.

Onlardan ikisi çinli azyaşlı uşaqdır. Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib.

Digər iki nəfər isə Gürcüstan vətəndaşıdır. Onların vəziyyəti sabit qiymətləndirilir. Hər iki şəxslə bağlı laborator araşdırmaların yekun nəticələri gözlənilir. Onlardan biri iki həftə öncə Çində, digəri isə Tailandda olub.

Xəstəxanadan qeyd olunub ki, təşvişə heç bir əsas yoxdur və pasiyentlər ciddi nəzarət altındadırlar.