Uşaqları mövsümi infeksiyalardan necə qorumaq olar? - Həkimlərdən ÇAĞIRIŞSon zamanlar uşaqlar arasında qızdırma ilə müşahidə olunan viruslar yayılıb. Valideynlər belə qızdırma hallarının günlərlə davam etdiyini, həkimlərin isə gözləməyi məsləhət gördüyünü bildirib.

Minval.info bildirir ki, məsələ ilə bağlı tanınmış pediatr Vaqif Qarayev medicina.az-a açıqlama verib. O bildirib ki, keçməyən qızdırma yoxdur, keçib gedir. Daimi qalan qızdırma olmur:

“Uşaqlardakı bu hallar mövsümlə bağlı virus infeksiyalarıdır. Təkcə bizdə deyil dünyanın bütün ölkələrində bu mövsümdə viruslara rast gəlirik. Tibdə kəskin resprator xəstəlik deyilən anlayış var. Bu da yuxarı tənəffüs yollarını zədələyən saysız-hesabsız müxtəlif viruslardır.

Qrip isə xüsusi viruslar tərəfindən törədilən, son dərəcə ağır gedişatlı və vaxtilə yüz milyonların həyatına son qoyan ağır virus infeksiyasıdır. Yəni qripdə virus infeskiyası olsa da törədicisi başqadır. Qripin A,B, C adlanan növləri var. Ən aqressivi A növüdür. Hazırda eşitdiyimiz donuz qripi, quş qripi kimi xəstəliklərdə A növünün mutasiya olunmuş halıdır. Nəzərinizə çatdırım ki, viruslar demək olar ki günbəgün mutasiyaya məruz qalırlar, genetik dəyişirlər”.
Pediatrın sözlərinə görə, kəskin respirator virsuların çoxu qripdən daha yüngül formada keçir. Dərman müalicəsinə daha tez tabe olanları var ki, hətta vaxtında müdaxilə edilsə ağırlaşma olmur.

Bəs uşaqları bu viruslardan necə qoruyaq?

Vaqif Qarayev bildirib ki, sadə addımlarla uşaqları belə viruslardan qoruya yaxud da qarşısını ala bilərik:

“İlk növbədə xəstə uşaq qətiyyən bağçaya, məktəbə getməməlidir. Çünki, həm özü gec sağalacaq, ağırlaşmalar olacaq, həm də virusu yayıb digər uşaqları yoluxdurmuş olacaq. Burada valideynin məsuliyyəti daha böyükdür. Bundan əlavə, insanın ən çirkli yeri onun əlləridir. Xəstəlik törədici viruslar əllərdə toplanır. Ona görə də, uşaqların əlləri tez-tez yuyulmalıdır. Valideynlər bunu uşaqda vərdiş yaratmalıdır ki, özləri gedib əllərini yusunlar. Hətta uşaq bayıra çıxmasa, evdə olsa belə. Uşaqların gündəlik menyusu meyvə-tərəvəz, ət məhsulları ilə zəngin olmalıdır. Uşaqlar üçün ət çox vacibdir. Həmçinin, uşaq təmiz havada olmalıdır. Əgər ciddi zərurət yoxdursa uşaqlar insanların sıx toplaşdığı yerə getməməlidir.

Həkimə gedənə qədər, qızdırma salıcının ilkin dozasını vermık lazımdır. Uşaqların yaşına və çəkisinə uyğun. Bu çox vacibdir. Lakin südəmər uşaqlara qətiyyən həkimsiz qoymaq olmaq. Onlarda ağırlaşma ehtimalı çoxdur. Özbaşına antibiotik qəbulu qadağandır. Antibiotik qızdırma dərmanı deyil. O tamam başqa dərmandır və viruslara təsir etmir. Ona görə uşaq öskürəndə, istiliyi olanda antibiotik alıb içirmək olmaz. Valideynlər indi daha çox həkimlərlə online əlaqə qurub, öskürək dərmanı soruşub uşağa içirirlər. Öskürəyin də formaları var. O əslində qoruyucu refleksdir, hansı ki, bronx öz-özünü təmizləməlidir. Amma boğulma, tənginəfəs olur və bəlğəmi çıxara bilmirsə o zaman artıq vəziyyət təhlükəlidir. Orada biz öskürək siroplarından həkim müdaxiləsilə istifadə etməliyik”.

Pediatr bildirib ki, uşaqları həddindən artıq geyindirmək, heç də sağlamlıq baxımından doğru addım deyil:

“Mən fikir verirəm ki, valideynlər uşağı hava almağa çıxarır, amma ağız-burnunu da şərflə bərk bağlıyırlar. Heç olmasa bu uşağın burnunu açıq qoysunlar ki, hava alsın. Bəs uşağı havaya nə üçün çıxarırlar, o təmiz hava alsın deyə. Üst-üstə qalın paltar geyindirmək mənasız bir şeydir. Uşaqlar tərliyir, bədəni daha da soyuyur və xəstələnməyə meyilli olur. Əslində evdə də stabil otaq temperaturu deyilən bir şey var. Biz isə soyuğa cin obrazı kimi baxırıq. Soyuq dəyər çox geyindirək. Niyə axı uşağa stabil otaq temperaturunda soyuq dəysin. Evdə də üst-üstə geyindirmək düzgün deyil”.

Həkim bildirib ki, böyüklər qoruyucu maskadan yaxşı olar ki, ancaq xəstə olanda istifadə etsin. Bəzən sağlam adamlar da virusdan qorunmaq üçün maska taxırlar. Bu faydasız bir şeydir:

“Fikir versək görürük ki, insanların çoxu: “indiki kimi qrip heç zaman olmamışdım” – deyə, fikirlər yazır. Halbu ki, keçən il və daha əvvəlki illərdə də virusa yoluxublar. Sadəcə indiki virus daha aqressiv formada özünü göstərib. Ümumiyyətlə xalq arasında belə bir şey var, boğazı şişən, burnu axan, başı ağrıyan və s. deyir ki, mən qripəm. Amma bu qrip deyil. Qrip çox ciddi xəstəlikdir. Azərbaycanda hələlik qrip yoxdur.

Keçən il yadınızdadırsa, qonşu Gürcüstanda donuz qripi tüğyan edirdi. Sonda olsa da , bu bizə də gəlib çatdı. Çünki, Gürcüstan xalqın ən çox gediş gəlişli olan ölkələrdəndir. Lakin orada bu qripdən ölənlər də oldu, biz də belə hala rast gəlinmədi. Bu il yenidən Gürcüstanda donuz qripinə yoluxmalarla bağlı xəbərlər çıxıb.Hələ epidemiya olmasa da, xəstəlik ocağı var. Qarşıdan bayramın gəldiyini nəzərə alsaq, Gürcüstana gedən insanlarımız gərək səfər edərkən ehtiyatlı olsunlar”.