05.08.2026 - 14:27
Ölkə 22 baxış

Azərbaycanda sürücüsüz avtobuslara hazırlıq: İş yerləri və yeni peşələr gündəmdə

Azərbaycanda sürücüsüz avtobus və qatarların istifadəsi üçün qanunvericilikdə dəyişikliklər edilməsi planlaşdırılır. Bu yeniliklər, texnologiyanın məşğulluğa təsiri ilə bağlı geniş müzakirələrə səbəb olub.

Minval.info xəbər verir ki, yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı, süni intellektin inkişafının nəqliyyat sektorunda olduğu kimi digər sahələrdə də iş yerlərinə təsir edəcəyini vurğulayıb.

Ekspertin fikrincə, sürücüsüz nəqliyyat vasitələrinin tətbiqi ilə bəzi iş yerlərinin itirilməsi qaçınılmaz olacaq. “Süni intellektin inkişafı ilə iş yerləri təhdid altında qalır. Bu, yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır, digər sahələrdə də bu problemlər özünü göstərir,” – deyə Muradlı bildirib.

Bununla yanaşı, Muradlı yeni texnologiyaların yeni peşələrə də ehtiyac yaradacağını qeyd edib. “Avtonom nəqliyyat vasitələrinə texniki xidmət göstərilməli və onların fəaliyyətinə operator nəzarəti təmin olunmalıdır. Süni intellekt olsa belə, onları tamamilə özbaşına buraxmaq olmaz,” – deyə o əlavə edib.

Ekspert, bu sistemlərin Azərbaycanda yaxın zamanda tam tətbiqinin gözlənilmədiyini də bildirib. “Bu sistem hələ dünyada yeni tətbiq olunur və Azərbaycanda qısa müddətdə reallaşacağını gözləmirəm. Qanunvericilik bazasının formalaşdırılması bütün problemlərin həll olunduğu anlamına gəlmir. Bunun təkmilləşdirilməsi üçün illər lazımdır,” – deyə Muradlı vurğulayıb.

O, əlavə edib ki, bu müddətdə yol infrastrukturu təkmilləşdirilməli və operator xidmətləri yaradılmalıdır. “Bu, bu gün qərar qəbul edib sabah həyata keçiriləcək bir proses deyil. Müəyyən dövr keçməlidir və həmin dövr səmərəli istifadə olunmalıdır,” – deyə ekspert qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: