17.08.2026 - 09:48
Ölkə 47 baxış

Azərbaycanda su tarifləri yenidən nəzərdən keçirilir: Bizə nə gözlənilir?

Azərbaycanda su tarifləri ilə bağlı əhəmiyyətli dəyişikliklər gündəmdədir. Böyük Britaniyada quraqlıq və artan su tələbatı səbəbindən istehlakçılardan daha çox ödəniş tələb edilməsi məsələsi müzakirə olunur. Bu yeni yanaşmaya görə, su qıtlığı zamanı tariflərin artırılması və normadan artıq istifadə edənlərin daha yüksək ödəniş etməsi planlaşdırılır.

Minval.info xəbər verir ki, bu vəziyyət Azərbaycanda da su ehtiyatlarının gələcəyi ilə bağlı suallar doğurur. Ölkəmizdə quraqlıq və su qıtlığı səbəbindən tariflərin artırılması və ya istehlaka limit qoyulması ehtimalları müzakirə mövzusudur. Azərbaycanda Britaniyadakı ssenarinin təkrarlanması mümkündürmü?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, iqlim dəyişiklikləri, temperaturun artması və bəzi su mənbələrinin azalması səbəbindən su təminatı daha həssas bir məsələ halına gəlir. Xüsusilə kənd təsərrüfatında suya olan tələbatın yüksək olması vəziyyəti daha da çətinləşdirir.

Bununla belə, Azərbaycanın Britaniyadakı ssenarini eyni şəkildə təkrarlayacağını demək düzgün olmaz. Ölkələrin su ehtiyatları, iqlim şəraiti və tarif siyasətləri fərqlidir. Azərbaycanda əsas diqqət yalnız əhali tərəfindən istifadə olunan suyun qiymətinin artırılması deyil, su itkilərinin azaldılması, köhnəlmiş şəbəkələrin yenilənməsi və kənd təsərrüfatında daha qənaətcil suvarma sistemlərinə keçidə yönəlməlidir.

Su qıtlığı kəskinləşərsə, gələcəkdə diferensial tariflərin tətbiqi gündəmə gələ bilər. Məsələn, müəyyən həddə qədər istifadə olunan su daha münasib qiymətlərlə, normadan artıq istehlak isə daha yüksək tariflərlə hesablanaraq insanları suya qənaət etməyə təşviq edə bilər. Quraqlıq dövrlərində isə müəyyən istehlak məhdudiyyətlərinin tətbiqi də istisna deyil.

İqtisadçı əlavə edir ki, belə bir siyasət tətbiq edilərsə, sosial tərəfi mütləq nəzərə alınmalıdır. Su əsas ehtiyac olduğuna görə onun qiymətinin kəskin artırılması aztəminatlı ailələrə ciddi yük yarada bilər. Daha real yanaşma isə israfçı və normadan artıq istifadənin daha baha başa gəlməsi, əsas istehlak həcminin isə əhali üçün əlçatan saxlanılmasıdır.

Əslində, Azərbaycan üçün Britaniya ssenarisindən daha vacib dərs su qıtlığı baş verdikdən sonra tarif artırmaq deyil, qıtlıq yaranmamışdan əvvəl suya qənaət mexanizmlərini qurmaqdır. Əgər su ehtiyatlarının azalması davam edərsə, suyun gələcəkdə sadəcə kommunal xidmət deyil, strateji resurs kimi idarə olunması qaçılmaz olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: