Konstitusiya Məhkəməsi qanunvericilikdə əksini tapan “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəasının fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilməsi barədə qərar qəbul edib.

Beləliklə, bundan sonra əmək mübahisələri zamanı işçilərə hər gecikdirilən gün üçün maaşın bir faizi qədər əlavə ödəniş ediləcək.

İqtisadçı-ekspert Rəşad Həsənov Bakupost.az -a açıqlamasında əmək haqlarının gecikdirilməsi zamanı yaranan problemlər barədə danışıb.

O qeyd edib ki, özəl və dövlət sektorunda əmək haqqının gecikməsi halları müşahidə edilir:

“Sosial şəbəkələrdə də bir sıra şirkətlərin əmək haqqını vaxtında ödəməməsi, ödəməkdən imtina etməsi, yaxud bir qismini ödəməsi ilə bağlı şikayətlər olur. Bu da təbii ki, bir sıra problemlərə səbəb olur. Məsələn, əmək bazarı iştirakçılarının kredit öhdəlikləri var. Onların əmək haqqı gecikdikdə kredit öhdəliklərini zamanında yerinə yetirə bilmirlər. Beləliklə, əlavə faiz yükü ilə üzləşirlər. Həmçinin, sürətli inflyasiyanın mövcud olduğu bir dövrdə bu gün alınan əmək haqqının dəyəri 10 gün sonra alınanla eyni olmur. Bu əmək haqqı ilə bazara yaxınlaşdıqda qiymətlər qalxmış olursa, gəlir dəyərsizləşir”.

İqtisadçının sözlərinə görə, inkişaf etmiş, kapitalizm şərtlərinin daha konkret əks olunduğu və bəzi sosialyönlü siyasət həyata keçirən ölkələrdə əmək haqqının gecikməsinə görə işçiyə əlavə vəsait ödənməsi təcrübəsi mövcuddur:

“Bu da müxtəlif yollarla əmək haqqının vaxtında ödənilməsinin təşviq etmək üçündür. Həmin təcrübə bu istiqamətdə yaranmış qeyri-müəyyənliyi aradan qaldırmaq üçün bir çağırışdır. Prosesin birbaşa iştirakçısı olmadığım üçün Azərbaycanda qəbul olunan qərarla bağlı detallı bilgim yoxdur. Amma bənzər yanaşmanın tətbiq edilməsi müsəbt hal olardı”.