Koronavirusa görə iqtisadiyyatda yaranan problemlərin təsirinin azaldılması üçün dünya ölkələri tərəfindən müxtəlif tədbirlər hazırlanır, fondlar yaradılır. Məsələn, ABŞ hökuməti 1 milyon dollara qədər gəliri olan fiziki şəxslərin, həmçinin 10 milyon dollara qədər olan hüquqi şəxslərin vergi ödənişinə 90 gün tətil elan edib. Bu, əhalinin koronavirus səbəbilə yaranan itkilərini kompensasiya etmək məqsədi daşıyır.

ABŞ maliyyə naziri Stiven Mnuçinin sözlərinə görə, koronavirusa qarşı atılan addımlar ABŞ-da işsizliyi 20 faizə qədər artıra bilər. CNN telekanalının məlumatına görə, nazir bunu Konqresdən ölkə əhalisi və iqtisadiyyatı üçün 1 trilyon dollarlıq dəstək paketinin təsdiqlənməsini istəyərkən demokrat konqresmenlərə deyib. Maliyyə naziri ölkə vətəndaşlarına adambaşına 1000 dollar olmaqla, ümumilikdə 250 milyon dollarlıq birbaşa yardımın ayrılmasını təklif edir. Onun sözlərinə görə, virus təhlükəsi sovuşmazsa, bir o qədər də may ayında əhaliyə yardım edilməlidir.

Rusiya hökuməti də iqtisadiyyata və əhaliyə dəyən zərərin qarşılanması üçün yardım proqramını açıqlayıb. Bura maliyyə sabitliyinin saxlanması, iqtisadiyyatın ən çox zərər görən sahələrinin maliyyə dayanıqlığına dəstək, həmçinin əhaliyə və regional büdcələrə dəstək daxildir. Hökumət artıq turizm və aviasiya sektoruna vergi tətili tətbiq edib. Tətilin müddəti 2020-ci ilin sonunadəkdir. Bundan əlavə, Rusiya Mərkəzi Bankı banklara bu sektordakı şirkətlərin çətinliklərini nəzərə almadan kredit verməyi tövsiyə edib. Həmin kreditlərə dövlət özü zəmanət verəcək.

Rusiya hökuməti həmçinin hər bir sahə üzrə sistem əhəmiyyətli şirkətlərin maliyyə vəziyyətini nəzarətdə saxlamaq, lazım olduqda əlavə dəstək tədbirləri tətbiq etmək, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə kredit xətləri açmaq, dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın icarədarları üçün icarə haqqının ödənməsində 3 aylıq tətil vermək qərarına gəlib. Eyni zamanda əhalinin fasiləsiz olaraq ərzaq məhsulları ilə təminatı üçün ticarət şirkətlərinə də zəruri hallarda dəstək veriləcək.

Birbaşa əhaliyə yönəlik tədbirlərə gəlincə, Rusiya hökuməti məcburi karantin müddəti üzrə bütün işçilərə əmək haqqını dövlət hesabına ödəyəcək.

Yaxın qonşumuz olan Gürcüstanda həm biznesə, həm də əhaliyə kredit ödənişləri üzrə 3 aylıq tətil verilib.

Koronavirusdan zərər çəkən Azərbaycanda da hökumət biznesə yönəlik dəstək tədbirləri hazırlayır. Belə ki, prezident  İlham Əliyevin tapşırığı ilə martın 17-də baş nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib. İclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai-iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla, təkliflər paketi hazırlasın.

Qeyd edək ki, bir neçə gün əvvəl hökumət turizm şirkətlərini toplayaraq onların təkliflərini alıb. Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımovun mətbuata dediyinə görə, Azərbaycana gələn turistlərin sayında artım fevralın sonuna qədər müşahidə edilib: “Yəqin ki, mənfi effektləri mart, aprel aylarında müşahidə edəcəyik. Dünya ölkələrinin hazırkı vəziyyətlə bağlı təcrübələri əlimizdə tam formalaşdıqdan və dəqiq hesablamalar aparıldıqdan sonra dövlətə müəyyən təkliflər verəcəyik. Dövlət də bu prosesi diqqətdə saxlayır. Biz yekun dəstək mexanizmləri üzərində işləyirik. Burada vergidən azad edilmə, subsidiya məsələləri yer ala bilər”.

 

 

Vüqar Bayramov

Vüqar Bayramov: “Kreditlərin ödənişində 3 aylıq tətil verilsin”

Milli Məclisin üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, hökumətin hazırlayacağı paketə bir sıra tədbirlərin daxil edilməsi məqsədəuyğun olardı: “Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğundur. Doğrudur, 2 bank istisna olmaqla, digər banklar özəl qurumlardır. Amma Mərkəzi Bank tərəfindən banklara belə tövsiyə xarakterli müraciət edilə bilər. Bizə olan müraciətlərdə də bəzi vətəndaşlarımız koronavirus səbəbindən gəlirinin azaldığını və kredit ödəməkdə çətinlik çəkdiyini bildirirlər. Məsələn, Almaniyadan avtomobil idxal etməklə gəlir əldə edən vətəndaşımız artıq maşın satışı ilə məşğul ola bilmir, amma onun ipoteka kredit borcu var. Və borcunu ödəməkdə çətinlik çəkir. Bu baxımdan, kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və peniyaların hesablanmasının dayandırılması məqsədəuyğundur. Koronavirusla qlobal mübarizənin nəticəsindən asılı olaraq bu müddətə yenidən baxıla bilər”.

Millət vəkili bildirir ki, koronavirus onlayn ticarətin inkişafını daha da aktuallaşdırıb: “Sosial təcrid tədbirlərinin həyata keçirildiyini nəzərə alsaq, onlayn ticarətin təşviq edilməsi üçün güzəştlərin tətbiq olunması məqsədəuyğun olardı. ABŞ daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə onlayn ticarət satış vergisindən azaddır. Oxşar praktikanın bizdə də tətbiq olunması məqsədəuyğun olardı”.

Ekspertin fikrincə, sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var: “Xüsusən rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var. Banklar girov üçün paytaxtdan əmlak tələb etdikləri üçün onların bir sıra hallarda bu imkandan faydalanmaqda çətinlikləri olur. Bu baxımdan, girov mexanizminin təkmilləşdirilməsinə və xüsusən də rayonlarda yaşayan sahibkarlarımız üçün daha güzəştli sistemin formalaşdırılmasına ehtyac var”.

 

samir əliyev ile ilgili görsel sonucu

Samir Əliyev

Samir Əliyev: “Dövlət, biznes və əhali əməkdaşlıq etməlidir”

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, bir tərəfdən neftin ucuzlaşması fonunda tədiyə balansına pozitivlik verən neft gəlirlərinin azalması, digər tərəfdən də geniş karantin tədbirləri çərçivəsində qeyri-neft sektorunun əsas lokomotivi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər ümumi iqtisadiyyat üçün tənəzzül perspektivi vəd edir: “Toyların, konsertlərin və digər kütləvi tədbirlərin təxirə salınması, restoranların, kafelərin iş saatlarının məhdudlaşdırılması ictimai iaşə və ticarət obyektlərinin gəlirlərini kəskin azaldıb. Əcnəbi turistlərin gəlişinin məhdudlaşdırılması isə turizm şirkətlərinin və mehmanxanaların fəaliyyətini demək olar ki, dondurub. Karantin tədbirlərinin nə qədər davam edəcəyi, yoluxucu xəstəliyin nə vaxt aradan qaldırılacağı məlum deyil, ancaq xidmət və ticarət sektorunun bu vəziyyəti çox davam edə bilməz. Rəsmi məlumatlara inansaq, təkcə mehmanxana və restoranların hesabına yaradılan gündəlik əlavə dəyər təxminən 5 milyon manat civarındadır. Topdan və pərakəndə ticarət gündəlik 21 milyon manat, nəqliyyat, anbar təsərrüfatı və rabitə sektoru 20 milyon manat yaranır. İndi hər gün bu dəyərin müəyyən hissəsini itiririk. Artıq böhran istehsal sektoruna keçməkdədir”.

Buna görə də ekspert hesab edir ki, Azərbaycanda da xarici ölkələrin təcrübəsindən çıxış edərək dövlət biznesə dəstək vermək barədə düşünməlidir: “Ancaq burada həm də özəl sektor və əhali töhfəsini verməlidir. Dövlətin dəstəyi bir neçə istiqamətdə ola bilər:

– Turist şirkətlərinə, ictimai iaşə obyektlərinə və mehmanxanalara vergi tətilinin verilməsi;

– 2020-ci ilin I rübü üzrə vergi hesabatlarının verilməsində qanunvericiliyin pozulması hallarına görə cərimələrin tətbiqinin dayandırılması;

– Vergi yoxlamalarının 1-2 ay müddətinə dayandırılması;

– Banklara verilən likvidliyin gücləndirilməsi üçün Mərkəzi Bank tərəfindən keçirilən depozit hərraclarında cəlb edilən depozitlərin həcminin artırılması;

– Kommunal ödənişlərin (işıq, qaz, su) ilkin olaraq 1-2 ay dayandırılması. Eyni zamanda kommunal xidmətlərlə təminatda fasiləsizliyin təmin edilməsi;

– İqtisadi aktivliyin təmin edilməsi üçün yanacağın (Aİ-92, dizel və s.) qiymətinin ucuzlaşdırılması;

– Ərzaq və dərman ləvazimatlarının idxalında “yaşıl dəhliz”in təmin edilməsi;

– Nağdsız ödənişləri dəstəkləmək üçün taksi xidmətləri (UBER, BOLT) zamanı kart vasitəsilə ödənişə tətbiq edilən ƏDV-nin ləğvi;

– Hotellər və ictimai iaşə obyektlərinin illik əmlak vergisindən azad edilməsi;

– Dövlət şirkətlərinin divident ödənişinin (məsələn, Beynəlxalq Bank) ilin birinci yarımilliyində dayandırılması;

– Lüks əşyaların idxalına tətbiq edilən gömrük rüsumlarının artırılması;

– Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) üzvü olan KOS-ların ödədikləri verginin məbləği əsasında dərəcələndirilməsi və ona uyğun birdəfəlik yardımın edilməsi”.

Ekspert özəl sektorun da dövlətə və əhaliyə dəstək verməli olduğunu qeyd edir: “İlk növbədə öz işçilərinin mümkün qədər evdə işləməsi mexanizmini təmin etməlidilər. Bundan əlavə, özəl sektor aşağıdakı addımları ata bilər:

– İmkan daxilində işçilərin ödənişli məzuniyyətə göndərilməsi;

– İnternet provayderləri tərəfindən abunəçilərin ilkin olaraq 1-2 ay müddətində fasiləsiz internetlə təmin edilməsi;

– Bankların 2 ay müddətinə kredit faizlərinin ödənilməsini dayandırması; həmçinin 3 aylıq müddət üzrə kredit ödənişlərinə fasilə verilməsi. Bu zaman dövlət, Mərkəzi Bank banklara kreditlər üzrə ehtiyatlarını artırmaq tələbi qoymamalıdır;

– Mobil operatorların abunəçiləri üçün aylıq internet və danışıq limitini artırması;

– Hotellər və ictimai iaşə obyektləri illik əmlak vergisindən azad olduğu üçün sahibkarın icarəyə verdiyi obyekti bir müddət icarə haqqından azad etməsi.

Əhalinin isə bu şəraitdə töhfəsi ərzaq məhsullarının izafi alışından, kütləvi tədbirlərdə iştirakdan çəkinməsi olar”.

S.Əliyev hesab edir ki, dövlətin və özəl sektorun öhdəliklərini maliyyələşdirmək üçün dövlət tərəfindən ilkin olaraq 100 milyon manat həcmində Antiböhran Fondu yaradılmalıdır.

Bəzi ölkələrdəki kimi, Azərbaycanda da əhaliyə birbaşa pul ayrılması mümkündürmü?

S.Əliyev hesab edir ki, bu məsələdə tələsməyə ehtiyac yoxdur: “Nə qədər cəlbedici olsa belə, dövlət hazırkı mərhələdə başqa addımlarla əhalinin zərərini qarşılamağa çalışmalıdır. Bura məcburi karantin dövrü üçün əmək haqqının ödənməsi, kommunal xərclərdən azadolunma və sair aiddir. Bu addımlar daha effektiv olar, nəinki pul paylanması”.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin “Yeni Müsavat”a dediyinə görə, hazırda banklar dünyada əhaliyə dəstək məqsədilə atılan addımları öyrənirlər: “Hazırda biz vəziyyəti və təcrübələri öyrənirik. Bir neçə gün ərzində qiymətləndirmələr aparıb bu məsələ ilə bağlı firkimizi bildirəcəyik”.