Azərbaycanda ani ödənişlər sistemi ilə əməliyyatların həcmi kəskin artıb
Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən əməliyyatların həcminin sürətlə artması diqqət çəkir.
Minval.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletenə əsasən, cari ilin iyun ayında AÖS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 1,076 milyard manat, sayı isə 12,928 milyon əməliyyat təşkil edib.
2025-ci ilin iyun ayı ilə müqayisədə AÖS-dəki əməliyyatların həcmi 895,5 milyon manat artaraq 6 dəfə, əməliyyatların sayı isə 12,535 milyon artaraq 32,9 dəfə yüksəlib. Ötən ilin iyun ayında bu göstəricilər müvafiq olaraq 180,5 milyon manat və 393,5 min olub.
Mərkəzi Bankın məlumatına görə, iyun ayının sonuna olan vəziyyətə görə, bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon ədədə çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artım deməkdir.
Bundan əlavə, debet kartlarının sayı 12 faiz artıb, lakin kredit kartlarının sayı 3,5 faiz azalıb. Hesabat dövründə ölkədaxili nağdsız əməliyyatların həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artmışdır. 2026-cı ilin iyun ayında ödəniş kartları ilə həyata keçirilən nağdsız ödənişlərin həcminin 9,902 milyard manat olacağı proqnozlaşdırılır. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətə aiddir.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin tətbiqi sürətlə davam edir. AMB-dən verilən məlumata görə, banklar artıq sistemlə texniki inteqrasiyanı tamamlayıblar və bu funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.
Mərkəzi Bank qeyd edib ki, növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün AÖS ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları araşdırılır. Prioritet istiqamətlər arasında gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin genişləndirilməsi və istifadəçi təcrübəsinin inkişaf etdirilməsi mövcuddur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hesablama Palatasının altı ayı - 160 milyon hara gedib?
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
"Brent" nefti 100 dolları keçdi
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ
Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir