“Azərbaycan Xankəndi məsələsini Ermənistanla müzakirə edəcəyinə inanmıram”.
Minval.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Xankəndi ətrafında müzakirələrin aparılması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Politoloq bunu mümkünsüz hesab etdiyini vurğulayıb:
“İkincisi, sərhədlə bağlı olan məsələdən sülh müqaviləsi imzalanırsa, demək, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Necə ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Artıq Ermənistanla Qarabağla bağlı olan məsələnin aparılması yersizdir. Bu, artıq növbəti mərhələdə Qarabağ erməniləri ilə rəsmi Bakı arasında olan proses və növbəti mərhələlərin vəzifələridir. Azərbaycan rəsmi şəkildə bəyan edib ki, biz Qarabağ ermənilərinin reinteqrasiyasına hazırıq. Bu reinteqrasiya nədən ibarətdir? Böyük ehtimalla Azərbaycan Ermənistanla bütün məsələləri həll  etdikdən sonra Qarabağ ermənilərinə təkliflərini nümayiş etdirəcək. Biz Ermənistanla olan bu mərhələni yekunlaşdırmalıyıq ki, artıq növbəti mərhələyə keçək və Ermənistansız Qarabağ erməniləri ilə ünsiyyətdə olaq”.
Politoloq Fərhad Məmmədov bildirib ki, Prezidentin Rusiyaya səfəri ilə bağlı hələ rəsmi məlumat yoxdur:
“Qeyri-rəsmi məlumatlar var ki, noyabrın 10-a kimi üçtərəfli sammit baş tutacaq. Hazırda gündəmdə ən aktual məsələ kommunikasiyaların açılması və sərhədlərlə bağlı olan delimitasiya və demarkasiya prosesinin başlanmasıdır. Nəyə görə proses deyirəm? Çünki kommunikasiyaların açılması ilə bağlı hansısa bir addımlıq hadisə baş verə bilər. Yəni növbəti bəyanat imzalana, hökumətlərarası komissiyanın qərarı da ola bilər. Amma delimitasiya və demarkasiya prosesi böyük prosesdir və burada bir neçə addım atılmalıdır. Yəni burada həm böyük sülh müqaviləsi, həm növbəti bəyanat imzalana, həm də 3 tərəfli komissiyanın yaradılması da mümknüdür. Prezident Putinin də bu haqda fikir söyləməsi onu deməyə əsas verir ki, hər iki istiqamətdə müəyyən danışıqların yekun mərhələsindəyik”.