Bu gün keçmiş SSRİ-nin hərbi birləşmələri tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdilən qətliamın 30-cu ildönümüdür. 

Musavat.com xəbər verir ki, qanlı 20 Yanvar faciəsi hər il Azərbaycanda ümummilli hüzn günü kimi qeyd edilir. Bununla əlaqədar hökumət və dövlət nümayəndələri, siyasi partiyalar, sıravi vətəndaşlar, eləcə də respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarətçilər Parlament prospekti boyunca Şəhidlər Xiyabanına doğru hərəkət ediblər. Bakı Polis Qarnizonu da gücləndirilmiş iş rejimində çalışır. Saat 12:00-da hərəkət dayanıb, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ötən illərdə olduğu kimi bu il də Xiyabana gələn əhali polislər tərəfindən hissə-hissə buraxılır. Polis əməkdaşları bildirdilər ki, məqsəd hər kəsin ziyarəti üçün şərait yaratmaq, ərazidə basabasın yaranmasının qarşısını almaqdır. Bundan əlavə Xiyaban ətrafında təcili tibbi yardım maşınları da dayanıb, xidmət aparırlar.

Məlumat üçün bildirək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 137 dinc insan öldürülüb, 744 nəfər ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb. 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir. Əli Rais, Musavat.com Fotolar müəllifindir.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.