Azərbaycan və Gürcüstanın beyin mərkəzləri arasında əməkdaşlıq gücləndirilir“Gürcüstanın beyin mərkəzləri ilə geniş əməkdaşlıq əlaqələrinin yaradılmasını planlaşdırırıq”.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) direktoru Fərid Şəfiyev Gürcüstanın Rondeli Strateji və Beynəlxalq Elmlər Fondu (GFSİS) ilə əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Gürcüstana səfəri çərçivəsində Rondeli fondu ilə yanaşı, digər düşüncə mərkəzləri ilə də görüşlər planlaşdırılır:

“Azərbaycanla Gürcüstan strateji tərəfdaş ölkələrdir. Fevral ayında yaradılan fondun rəsmi maliyyələşməsindən sonra ilk səfərimiz Gürcüstana oldu. İlk əməkdaşlıq əlaqələrini Rondeli fondu ilə yaradırıq. Gün ərzində digər düşüncə mərkəzləri ilə görüşlər də planlaşdırılır”.

Fərid Şəfiyev bildirib ki, qonşu ölkələr arasında xırda problemlərin olması təbiidir və düşüncə mərkəzləri bu problemlərin həlli üçün mexanizm yaratmalıdır.

Rondeli Strateji və Beynəlxalq Elmlər Fondunun sədri Eka Metrevili isə qeyd edib ki, tərəflər arasında imzalanan memorandumda əməkdaşlıq üçün konkret sahələr müəyyənləşdirilib və bu, hər iki ölkənin inkişafına töhfə verəcək.

“Azərbaycanlı tərəfdaşlarımız və həmkarlarımızla müzakirələr çox məhsuldar keçdi. Anlaşma memorandumu imzalayaraq əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdik. Hər iki ölkənin inkişafı üçün enerji, daşımalar, mədəni əlaqələr üzrə əməkdaşlıq nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə üçtərəfli konfransların keçirilməsi də nəzərdə tutulur”, – deyə E.Metrevili bildirib.