Azərbaycan teleseriallarının bərbad durumu – “Bir adam 3-4 nəfərin işini görür”
Hazırda Azərbaycan telekanallarında seriallar zəif aktyor işi və mövzuların bayağılığı ilə diqqət çəkir.
Xüsusilə, “Xəzər TV”də yayımlanan “İmtahan”, “Ata ocağı” seriallarından fraqmentlər “Facebook” sosial şəbəkəsində paylaşılaraq, gənclərin gülüş hədəfinə çevrilir.
Teleseriallarda sünilik, ssenari boşluğu, aktyorların danışıq tərzləri və digər problemlər… Bunlar niyə hələ də həll edilmir? Azərbaycanlı tamaşaçılar nə zamana qədər Türkiyə istehsalı olan teleseriallara möhtac qalacaqlar?
Minval.info-ya açıqlamasında aktyor və rejissor Kamal Yaşar bütün problemlərin maddiyyatdan irəli gəldiyini qeyd edib: “Məsələnin çox sadə səbəbləri var. Əsas səbəb maliyyə çatışmazlığıdır.
İstehsalçı şirkət minimum imkanlarla məhsul ərsəyə gətirməyə çalışır. Bu çatışmazlıq isə işin bütün gedişatında özünü biruzə verir. Çünki kino, serial komanda işidir. Burada böyük vəsait tələb edən texniki imkanlarla yanaşı insan resursları da önəmli rol oynayır. Hər kəs öz işinə köklənməlidir. Maliyyə qıtlığı isə buna mane olur. Bir adam 3-4 nəfərin işini görür. Deməli nəticə də buna uyğun olacaq.
Mövzu seçimində bu qədər məişətləşməyə isə məcburdurlar. Çünki daha ciddi mövzulara keçid etmək risklidir, vəsait tələb edir. Ssenarist daha zəngin məkanlar əlavə edə, daha çox situativ trayektoriyalar cıza bilmir. Çünki ona da deyilir ki, maksimum az məkan yaz ki, getmək, çəkmək və. s asan olsun. Yəni hər şey bir-birinə bağlıdır. Aktyor çağırılanda çalışırlar ki, onun səhnələri bir günə sığışdırılıb, çəkilsin. Çünki əlavə gün gəlməsi, həm də əlavə pul deməkdir. O yetim də 10 seriyadakı yeri bir günə oynayır və sonra montajda bunu həll edirlər. Təkrar edirəm ki, edənlər də bunu kefindən etmir. Səbəb maliyyə qıtlığıdır. Bütün bunlar isə aktyor oyunundan tutmuş, təsvirə qədər hər şeyə təsir edir”.
Kamal Yaşar bu cür problemlərə baxmayaraq teleserialların istehsalını müsbət qiymətləndirir: “Ancaq, gəlin etiraf edək ki, olduqca yeni olan serial bazarımız bütün problemlərinə baxmayaraq inkişaf da edir. Yəni, bizdə istədiyiniz qədər istedadlı insanlar var. Sadəcə zaman və məkan anlayışı dominantdır, diktə edəndir. Eyni zamanda bizim bazarın kiçik olmağı, əhali sayının azlığı da işə təsir edir. Ancaq nikbin olmaq lazımdır, istənilən halda yaxşı işlərin də ərsəyə gəldiyini unutmaq olmaz.
Dəniz Kərimzadə
Minval.İnfo
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib