İyunun 17-də Xətai Sənət Mərkəzində xoreoqraf Amil Əhmədovun “Azərbaycan milli rəqsləri” kitabının təqdimat və imza günü keçirildi.
Kitabda 150-dən çox milli rəqslərimiz yaranma tarixi, inkişafı, ifaçıları barədə məlumatlar yer alıb. Kitab həm sahənin mütəxəssisləri üçün, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitabda rəqslər əlifbadakı hərflərin ardıcıllığı ilə düzülmüşdür. Haqqında məlumat əldə etmək istədiyiniz rəqsin adının baş hərfinə uyğun olaraq kitabda tapıb oxumaq mümkündür.
Tədbiri giriş sözü ilə kitabın redaktoru, Prezident mükafatçısı, ədəbiyyatşünas Ramil Əhməd açdı. O, kitab barəsində detallı məlumat verdi. Daha sonra bir sıra elm və incəsənət adamlarının çıxışları oldu. Çıxış edənlər kitabın xoreoqrafiya sahəsindəki önəmindən bəhs etdilər. AMEA-nın Tarix İnstitutun elmi işçisi, kitabın rəyçisi Gülşən Kəngərlinskaya da kitabın mədəni prosesə təkann verəcəyini vurğuladı.
Tədbirdə həmçinin Amil Əhmədovun şagirdlərinin ifasında milli və xarici rəqslərin təqdim olunması maraqla qarşılandı.
Sonda çıxış edən müəllif Xoreqorafiya Akademiyasında təhsil aldığı dövrdə rəqslərimizin tarixi haqqında mənbələrin az olduğunu, tələbələrin nəzəri bilgilər haqqında informasiya almaq imkanının məhdud olduğunu diqqətə çatdırdı. “Azərbaycan milli rəqsləri” kitabının yazılması məhz bu zərurətdən doğmuşdur. O, bildirdi ki, milli rəqslərimiz haqqında yazılmış kitablar məhdud saydadır. Bu kitabların bir çoxu hələ də kiril əlifbasındadır. Bəziləri Sovet dövründə nəşr olunsa da müstəqillik illərində yenidən yayımlanmamışdır. Mənbələrin azlığı ilə yanaşı nəşr problemləri də sahəni dərindən mənimsəmək yolunda bir maneə olaraq qarşımıza çıxmaqdadır. Bu kitabın milli rəqslərimizin tarixi haqqında yeni nəşrlər üçün bir stimul olacağına inanırıq.
Qeyd edək ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab milli rəqslərimizin tarixi, quruluşu, ifa forması haqqında məlumat bazasıdır. Rəqslərimiz haqqında informasiya əldə etmək istəyənlər bu kitabdan istifadə edə bilərlər. Həmçinin rəqs tədrisi ilə məşğul olan, xoreoqrafiya sahəsində bilgilər əldə etmək istəyən peşə adamları da kitabdan faydalana bilərlər.