Neftçaladakı zavodun Rusiyaya ixracı bu il baş tutmayacaq

Bu il Azərbaycanda minik avtomobillərinin istehsalında artım qeydə alınıb. Dövlət Statsitika Komitəsinin məlumatına görə,  yanvar-oktyabr ayları ərzində Azərbaycanda 1 880 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

Hesabat dövrü ərzində Azərbaycanda traktor istehsalı 26,3 faiz azalaraq 899 ədəd təşkil edib. İstehsal olunan avtomobillərin 367-si, traktorların isə 340-ı anbarlardadır. Məlumata əsasən, bu ilin 10 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10,8  faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7 faiz azalıb.

Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalı zavodları Naxçıvan, Gəncə və Neftçalada yerləşir. Gəncədəki zavod daha çox kənd təsərrüfatı texnikası və yük avtomobillərinin istehsalına keçib. Naxçıvanda yerləşən zavod Çindən gətirilən hissələr əsasında avtomobil yığımını həyata keçirir. NAZ Lifan adlı bu avtomobillər bazar tapmaqda ciddi çətinliklərlə üzləşib. Ölkə rəhbərliyinin tapşırığı əsasında dövlət qurumları xeyli sayda NAZ alsalar da, bu, zavodun rentabelli işləməsi üçün yetərli olmayıb. 2017-ci ildə zavodda istehsal dayandırılıb, 2018-ci ildə isə dövlət sifarişlərinə görə yenidən bərpa olunub. Zavod Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında 129 avtomobil yığıb. Bu ilə nazirlik zavoddan cəmi 45 ədəd avtomobil alıb.

Qeyd edək ki, elə Neftçalada yerləşən və “Khazar” adlı avtomobillərin istehsalı ilə məşğul olan zavod da əsasən dövlət sifarişlərindən faydalanır. “Khazar” avtomobillərinin yığımına 2018-ci ildə İranın “Khodro” şirkəti ilə yerli “Azərmaş” MMC arasında bağlanmış müqavilə əsasında başlanıb. Neftçala sənaye məhəlləsində yerləşən zavod 25 milyon dollara başa gəlib. Müəssisənin illik istehsal gücü 10 min ədəd avtomobil təşkil edir. Avtomobillərin qiyməti 14-20 min manat arasında dəyişir.

Ötən il zavodda 1500 avtomobil istehsal olunması nəzərdə tutulsa da, Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumilikdə il ərzində Azərbaycanda cəmi 969 ədəd minik avtomobili yığılıb. Zavod rəhbərliyinin verdiyi məlumata görə, bu sayın 95 faizi satılıb. Qeyd etdiyimiz kimi, “Khazar” avtomobillərinin də əsas alıcısı dövlət qurumlarıdır.  İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu, Dövlət Statistika Komitəsinin yerli idarələri və digər qurumlar var. Keçən ilin ikinci yarısından etibarən ƏƏSMN də müharibə əlillərinə avtomobillərin mühüm bir qismini məhz bu zavoddan əldə edir. Nazirlikdən “Yeni Müsavat”a verilən məlumata görə, ötən il zavoddan 136, bu il isə 547 ədəd avtomobil alınaraq əlillərə verilib.

Ümumilikdə ötən il satılan “Khazar” avtomobillərinin 40 faizini dövlət qurumları, qalanlarını fiziki və özəl hüquqi şəxslər əldə ediblər. Əldə etdiyimiz məlumata görə, rayon icra hakimiyyəti başçılarının 1-ci müavinlərinə xidməti avtomobil kimi istisnasız olaraq “Khazar” verilir.

Qeyd edək ki, zavodun planlarına əsasən, 2019-cu ilin sonunadək altı min avtomobil istehsal olunmalı, ildə iki min avtomobilin xaricə satılması təşkil edilməliydi. Eyni zamanda bu ilin sonunadək avtomobillərin detallarının 30 faizinin Azərbaycanda istehsalı təşkil olunmalıdır. Bu ilin aprelindən zavodda “Peugeot” markalı avtomobillərin istehsalına başlanıb. Bu il həmçinin zavodda avtomat qutulu avtomoillərin istehsalına başlanması nəzərdə tutulurdu.

Bu ilin fevralında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov mətbuata açıqlama verərək bildirmişdi ki, ilin sonunadək “Khazar” avtomobillərinin ilk partiyasının Rusiyaya ixracı baş tutacaq. E.Axundov həmçinin əlavə edib ki, avtomobillərin Ukraynaya ixracı üçün sertifikasiya tələb olunur: “Biz hazırda sertifikasiyadan keçirik”.

Rəsmi statistik məlumatlar göstərir ki, zavod qarşıya qoyulan vəzifələrin heç birinə nail ola bilməyib. Belə ki, E.Axundovun keçən ay mətbuata verdiyi məlumatdan aydın olur ki, “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı bu il baş tutmayıb, proses 2020-ci ilə reallaşa bilər. Onun sözlərinə görə, müvafiq sənədləşmə işləri hələ də başa çatmayıb: “Yəqin ki, sənədləşmə işləri 4-5 ay ərzində tamamlanacaq”. Bundan əlavə, istehsalla bağlı proqnozlara da əməl olunmayıb.

Maraqlıdır ki, bu il Azərbaycandan xaricə avtomobil ixrac edilib. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-sentyabrında Azərbaycandan xaricə  2 ədəd mühərrikinin həcmi 1000-1500 kub sm olan, qığılcımla alışan DYM-li (13,88 min dollara), 23 ədəd mühərrikinin həcmi 1500-3000 kub sm olan, qığılcımla alışan DYM-li (773 min dollara), 15 ədəd mühərrikinin həcmi 3000 kub sm-dən çox olan, qığılcımla alışan DYM-li(1 milyon 301,41 min dollara) – cəmi 40 ədəd minik avtomobili ixrac olunub. Bu avtomobillərin 1 ədədi Qazaxıstana, 3 ədədi Rusiyaya, 3 ədədi Ukraynaya, 3 ədədi Albaniyaya, 25 ədədi Birləşmiş Ərəb Əmirliklərinə, 2 ədədi Böyük Britaniyaya və sair satılıb. Bundan əlavə, ölkədən avtomobillər üçün müxtəlif ehtiyat hissələri də ixrac edilib.

Avtomobil bazarı iştirakçıları ilə söhbətdən məlum olur ki, “Khazar” avtomobilləri əhali arasında daha çox “Azsamand” kimi tanınır. Xatırladaq ki, bir neçə il əvvəl Şamaxıda bu avtomobillərin yığımına başlansa da, 2 il keçməmiş müəssisə fəaliyyətini dayandırdı. İndi Neftçalada yığılan avtomobillər bir çox göstəricilərinə görə “Azsamand” avtomobillərindən fərqlənmir. Buna görə də maşın həvəskarları “Khazar”ı “Azsamand”la eyniləşdirirlər.