04.09.2026 - 20:24
Ölkə 13 baxış

Ayılar kəndlərə hücum edir: Nazirlik tədbir görür

Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində meşə ərazilərinə yaxın kəndlərdə ayıların təsərrüfatlara və heyvanlara ziyan vurması ilə bağlı şikayətlər artıb. Bu vəziyyətin araşdırılması və qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş tərkibli görüş keçirilib.

Minval.info xəbər verir ki, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə yanaşı, Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Bakı Dövlət Universitetinin mütəxəssisləri, həmçinin yerli və xarici ekoloji təşkilatların nümayəndələri iştirak ediblər.

Görüşdə əsas məqsəd ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşmasının səbəblərini müzakirə etmək, insanların və təsərrüfatların təhlükəsizliyini təmin etmək üçün tədbirlər müəyyənləşdirmək və qonur ayıların mühafizəsini təmin etmək idi. Ayıların kəndlərə yaxınlaşmasının qarşısının alınması yolları və müxtəlif ölkələrdə tətbiq olunan təcrübələr müzakirə edilib. Həmçinin, ölkəmizdə hürküdücü vasitələrdən və digər qabaqlayıcı tədbirlərdən istifadə imkanları nəzərdən keçirilib. Əhali arasında təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə işlərinin aparılması və rayon icra hakimiyyətlərinə müraciət olunması məsələləri də müzakirə edilib. Tədbirlər müəyyənləşdirilərkən həm insanların təhlükəsizliyi, həm də “Qırmızı Kitab”a daxil edilmiş qonur ayıların mühafizəsi əsas götürüləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: