“Bu şəbəkənin gec-tez ifşa ediləcəyini bilirdim”

Almaniyada sənəd alveri ilə məşğul olan tanınmış müxalifətçi mühacirlərin həbsi ölkənin əsas gündəm mövzusuna çevrilib. Almaniya polisinin bu ölkənin müxtəlif şəhərlərində keçirdiyi əməliyyatlar zamanı saxlanılan azərbaycanlılar barədə ən müxtəlif iddialar və iradlar səslənir. Mediada gedən xəbərlərdə saxlanılanların Azərbaycanın imicinə zərbə vurduqları deyilir.

Musavat.com İsveçrədə yaşayan yazıçı Ələkbər Əliyevin mövzu ilə bağlı fikirlərini öyrənib. Onun bu haqda reaksiyası əsəbi oldu: “Bu həbslərdə məni heç nəyin təəccübləndirmədiyini desəm, bəlkə sinizm kimi çıxacaq, amma mən doğrudan da, bu şəbəkənin gec-tez ifşa olunacağını, dəstə üzvlərinin cinayət məsuliyyətinə cəlb olunacağını bilirdim. Bu rəzalət, günün günorta çağı, alman hüquq sisteminə meydan oxumalar əlbəttə bur gün bitməli idi. Bizim adamlar mentalitetin, çuşkalığın qurbanı olurlar. Onlar, illər uzunu burada yaşasalar da, başa düşmürlər ki, qaşları alınmış, sırğalı, “nakolka”lı alman polisini “lox”lamaq olmaz. Yekəqarın, intellektsiz, qızıldiş, yoğun peysər, zəhmli bir polisi loxlamaq olar, almanları isə yox. İndi bu istintaq görün nələrin üstünü açacaq, bunun bir ucu mütləq gedib çıxacaq Bakıdakı “makler ofisi”nə. Vay o gündən ki, bu ofis hansısa siyasi partiyanın qərargahında aşkarlansın. İstisna eləmirəm.

İlham Əliyevi növbəti qələbə münasibəti ilə təbrik etmək olar – onun opponentləri Avropada özlərini tam buraxıb, ölkəni rüsvay etməklə məşğul olurlar.”