Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların qaldığı yataqxana sökülüb.

“Report”un Avropa börosunun məlumatına görə, Şimali Reyn Vestfaliya əyalətində yerləşən yataqxanada Azərbaycan, Gürcüstan, Əfqanıstan, Monqolustan, Nigeriya və Somalidən olan sığınacaq axtaranlar qalırmış.

Bu ilin fevral ayında yataqxana bağlanıb, sakinləri isə yaxınlıqdakı sosial evlərə köçürülüb.

Yataqxananın bağlanmasına səbəb isə Bonn Şəhər İdarə Məhkəməsinin qərarı olub.

Belə ki, bu yataqxanada sığınacaq axtaranlar arasında tez-tez dava düşür, yaşayış qaydalarına riayət etməyənlər ətrafda yaşanları narahat edirmiş. Ötən ilin noyabr ayında yataqxana ilə bağlı ərazidə yaşayanlar məhkəməyə şikayət ərizəsi ilə müraciət ediblər.

Məhkəmə də bələdiyyənin balansında olan və 12 sığınacaq axtaranın qaldığı yataqxananın bağlanması ilə bağlı qərar verib.

Bağlanan yataqxananın yerini alan tikinti şirkəti yaşayış binasının inşası üçün ötən gün söküntü işlərinə başlayıb.