05.11.2026 - 10:24
ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir
Ölkə 278 baxış

ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi, ərazilərin daşqın və sel sularından qorunması məqsədilə işlərini davam etdirir. Baku.ws-ə Agentlikdən verilən məlumata görə, bu tədbirlər çərçivəsində bir sıra mühüm işlər həyata keçirilir.

Kür-Araz Çaylarında Bəndlərin İstismarı idarəsinin balansında 1382 km-dən artıq mühafizə bəndi mövcuddur. Bu bəndlərin 936 km-i Kür çayında, 134 km-i Araz çayında, qalanı isə dağ çayları və göllərdə yerləşir. İdarənin balansında olan çaylarda mühafizə tədbirləri çərçivəsində bəndbərkitmə və məcratəmizləmə işləri aparılır.

2012-2025-ci illər ərzində təxminən 21689 paqon metr məsafədə daş-betonla sahilbərkitmə işləri görülüb. 2026-cı ilin əvvəlindən indiyədək isə cari təmir planlarına əsasən 39 km mühafizə bəndi təmir olunub, 16 km uzunluğunda məcratəmizləmə işləri yerinə yetirilib.

Ötən il ərzində Kür, Araz və dağ çaylarında 125 km uzunluğunda bəndin təmiri, 31 km qayakəsmə və 36 km məcranın təmizlənməsi işləri başa çatdırılıb. Həmçinin 1680 paqon metr məsafədə sahilbərkitmə işləri həyata keçirilib.

Kür, Araz və dağ çaylarında baş verə biləcək yaz-yay daşqınlarına hazırlıq məqsədilə idarə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu çərçivədə bəndlərin dayanıqlığını təmin etmək üçün təmir-bərpa işləri görülür, həmçinin yabanı bitkilərin təmizlənməsi ilə çay məcralarında suyun axınına maneə olan elementlər aradan qaldırılır.

Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi, Azərbaycanın 21 rayonunda, o cümlədən Qazax, Ağstafa, Bərdə, Yevlax, Ağdaş, Göyçay və digər bölgələrdə fəaliyyət göstərir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: