Tayvan “ABŞ-ın əsas müttəfiqi” statusunu qazanarsa, Ağ Ev bu ada-dövlətini Çinin hərbi aqressiyasından müdafiə etmək məcburiyyətində qalacaq… ABŞ və Çin arasında hərbi toqquşma baş verərsə, bu savaşın NATO-nu da öz içərisinə çəkə biləcəyi qətiyyən şübhə doğurmur…

ABŞ-Çin münasibətləri gərginləşməkdə davam edir. İndi bu iki ölkə arasındakı hərbi-siyasi qarşıdurma hətta Ukrayna savaşı ətrafında yaranmış təhlükəli situasiyanın belə, önünə keçməyə başlayıb. Ona görə də, hazırda bütün dünya “Tayvan böhranı” ətrafında cərəyan edən hərbi-siyasi qarşıdurma prosesini xüsusi həssaslıqla izləyir.

Məsələ ondadır ki, “Tayvan böhranı” silahlı toqquşmalara yol açarsa, bəşəriyyət yeni qlobal savaşla üzləşə bilər. Üstəlik, belə savaş bütün dünya üçün daha dağıdıcı və faciəvi nəticələr vəd edir. Və ehtimal olunan ABŞ-Çin müharibəsinin doğura biləcəyi nəticələr ümumiyyətlə, Ukrayna savaşı ilə müqayisəedilməz sayılır.

Halbuki, Ukrayna savaşı da hazırda bütün dünyanı bütün sahələr üzrə silkələməkdə davam edir. Ukraynadakı savaş meydanında çoxlu sayda insan həyatını itirir, dünyada enerji böhranı yaşanır, ərzaq çatışmazlığı öz təsirini getdikcə daha sərt şəkildə göstərir, aclıq və səfalət təhlükəsi ciddi görüntülər almaqdadır. Yəni, Ukrayna müharibəsi yalnız savaşan iki ölkəyə sarsıdıcı zərbə vurmur. Və bu savaş ümumiyyətlə, dünyanın əksər dövlətlərinə qarşı davam edən real fəlakət qaynağı hesab olunur.

AP22214205021752-1200x798.jpg (193 KB)

Ancaq ABŞ-Çin savaş ehtimalını Ukrayna müharibəsi ilə müqayisə etmək sadəlövhlük olardı. Çünki, bu iki superdövlətin hər ikisi nüvə ölkəsidir. Üstəlik, dağıdıcı savaş üçün kifayət qədər müasir hərbi və iqtisadi resurslara sahibdirlər. Eyni zamanda, ABŞ və Çin iqtisadiyyatları da dünya iqtisadiyyatında həlledici pay sahibidir. Və bu iki ölkənin iqtisadiyyatları əsasən savaş ehtiyaclarının ödənməsinə indeksləşərsə, nəticələri dünyada qlobal aclıq, hətta dərin xaos kimi təzahür edə bilər.

Digər tərəfdən, bu superdövlətlərin savaşacağı təqdirdə, nüvə silahından istifadə etmək niyyətinə düşə biləcəkləri də qətiyyən gözardı edilməməlidir. Çünki, həm ABŞ-ın, həm də Çinin nüvə potensialı bütün dünya üçün faciəvi dağıdıcılıq təhlükəsi vəd edir. Üstəlik, hər iki ölkənin, xüsusilə də Çinin nüvə silahından istifadə etməyəcəyinə təminat vermək qətiyyən mümkün deyil.

Maraqlıdır ki, ABŞ-da Çin ilə hərbi-siaysi qarşıdurmaya münasibət qətiyyən birmənalı deyil. Bəzi siyasi dairələr ABŞ-Çin gərginliyinə görə, ilk növbədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosini suçlayırlar. Onların fikrincə, N.Pelosi Tayvana səfər inadkarlığı ilə həm ABŞ-ı, həm də bütün dünyanı böyük təhlükə ilə üzələşdirib. Və hazırda ABŞ-Çin hərbi-siyasi qarşıdurmasının əsas məsuliyyəti məhz N.Pelosinin üzərinə düşür.

Düzdür, 82 yaşlı qoca siyasətçi qadının “Tayvan böhranı”nı törətməsindən sonra Ağ Ev müəyyən açıqlamalarla vəziyyəti nizamlamağa çalışdı. Bu səfərin Çinə qarşı yönəlmədiyini, ABŞ-ın “Tayvan məsələsi”nə münasibətinin dəyişmədiyi ilə arqumentləşdirməyə cəhd göstərdi. Və bütün bunlara rəsmi Pekinin anlayışla yanaşacağına ümid bəslənirdi.

_116808181_gettyimages-529767920.jpg (29 KB)

Ancaq ümidlər qətiyyən özünü doğrultmadı. Çünki, rəsmi Pekin öz mövqeyini sərtləşdirdi, addığı hərbi addımları aqressivləşdirdi. Hazırda Çin Tayvan ilə bütün əlaqələri kəsməkdədir, üstəlik, müstəqilliyi qismən tanınmış bu ada-dövləti (Tayvan cəmisi 13 ölkə ilə diplomatik münasibətlər qurub) ətrafına hərbi qüvvə cəmləşdirməklə, blokada səddi qurur. Və rəsmi Pekin Ağ Evə xəbərdarlıq edir ki, bundan sonra ABŞ Çinin daxili məsələsi olan “Tayvan böhranı”na münasibətdə yeni qlobal savaşa səbəb ola biləcək addımlardan çəkinməlidir.

Bu, Çinin dolayısı ilə ABŞ-ı qlobal savaşla təhdid etməsi anlamına gəlir. Belə bir situasiyada Ağ Evin “Tayvan böhranı” ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasında hökm sürən əhval-ruhiyyədən də ciddi şəkildə narahatdır. Çünki, bəzi konqresmenler Çini ciddi şəkildə qıcıqlandıra və vəziyyətin nəzarətdən çıxmasına səbəb ola biləcək qanun layihəsi hazırlayıblar. Bu sənəd parlamentdə təsdiqlənərsə, onda NATO üzvü olmayan Tayvana “ABŞ-ın əsas müttəfiqi” statusu qazandıra bilər.

Təbii ki, ABŞ Konqresində belə bir sənədin təsdiqlənməsi hazırda həm Ağ Evin planlarına, həm də NATO ölkələrinin maraqlarına qətiyyən uyğun deyil. Çünki, NATO ABŞ-ın səhnəarxası patronajlığı altında fəaliyyət göstərir. Əgər, Tayvan “ABŞ-ın əsas müttəfiqi” statusunu qazanarsa, Ağ Ev bu ada-dövlətini Çinin hərbi aqressiyasından müdafiə etmək məcburiyyətində qala bilər. ABŞ-ın belə bir məcburiyyəti isə istər-istəməz bütün NATO ölkələri üçün ciddi problemdir.

Məsələ ondadır ki, Ağ Evin Tayvanı müdafiə etməsi ücbatından ABŞ və Çin arasında hərbi toqquşma baş verərsə, bu savaşın NATO-nu da öz içərisinə çəkə biləcəyi qətiyyən şübhə doğurmur. Çünki NATO-nun qüvvədə olan nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı biri alyansdan kənar ölkə ilə savaşa başlayarsa, bu hərbi-siyasi blokun digər təmsilçiləri də öz müttəfiqlərini müdafiə etməlidir. Yəni, ABŞ Konqresində sözügedən sənədin qəbul edilməsi Tayvanı dolayısı ilə NATO-nun “təhlükəsizlik çətiri” altına çəkir.

469194.jpg (29 KB)

Ancaq NATO-da təmsil olunan əksər ölkələr hadisələrin belə inkişaf istiqamətləri almasından qətiyyən məmnun görünmürlər. Çünki həmin ölkələr həm rəsmi Pekinlə ciddi iqtisadi əlaqələrə malikdirlər, həm də Tayvan ucbatından Çinlə hərbi toqquşma təhlükəsində maraqlı deyillər. Yəni, “Tayvan böhranı”nın yaxın gələcəkdə həqiqətən də qlobal savaşa çevrilmə ehtimalı tamamilə realdır.

Ona görə də hazırda Ağ Ev ABŞ Konqresində “Tayvan qanunu”nun təsdiqlənməsinin qarşısını almağa çalışır. Bu, mümkün olmayacağı təqdirdə, heç olmasa, onun məzmununu dəyişdirərək, Tayvana görə ABŞ-ın üzərinə hərbi öhdəlik yüklənməsindən yayınmağa cəhd göstərir. Və bu məsələdə Bayden administarasiyasına ABŞ-ın NATO üzrə müttəfiqlərindən də ciddi təzyiqlərin olduğu bildirilir.

Belə anlaşılır ki, ABŞ-Çin qarşıdurması dünyanı qlobal savaş təhlükəsi vəd edir. İndi beynəlxalq siyasi iradə mərkəzlərinin əsas hədəfi dünyanı hər ötən gün daha da yaxınlaşmaqda olan qlobal fəlakətdən yayındırmağa yönəlib. Bu baxımdan, yaxın günlərdə ABŞ Konqresinin və Bayden administrasiyasının yekun mövqeyi bütün dünya üçün taleyüklü əhəmiyyət daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,